Təhsil haqqında qanununa görə, Azərbaycanda distant təhsil forması mövcuddur. Bununla belə xarici təhsil müəssisələrində distant təhsil alan tələbələrin diplomları tanınmır.
Xarici ölkələrdə yalnız əyani və qiyabi formada təhsil alan şəxslərin diplomları Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən tanınır.
Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Ramin Nurəliyev bildirib ki, distant təhsil forması dünyanın bir çox ölkəsində fəaliyyət göstərir:
“Diplomaların tanınması Türkiyədə belə həyata keçirilir. Bizdə bunun həyata keçirilməməsinin bəzi səbəbləri var. Mən bəzi ixtisaslar üzrə distant təhsilin keçirilməsinin tərəfdarı deyiləm. Distant təhsil forması bəzi ixtisaslarda qətiyyən yolverilməzdir. Məsələn tibb ixtisasları, bəzi mühəndislik ixtisaslarını və müəllim ixtisaslarını buraya aid edə bilərik. Bu ixtisasların distant formada tədrisi Azərbaycan təhsilinə heç nə qazandıran deyil. İqtisadiyyat, kompüteryönümlü və təsərrüfat ixtisasları üzrə distant təhsilin keçirilməsi mümkün ola bilər”.
O qeyd edib ki, distant təhsilə keçilməməsinin səbəblərindən biri də təhsilin inkişafı ilə əlaqədardır:
“Belə ki, ölkəmizdə bəzi ixtisasların qiyabisi belə azaldılır. Biz əyani və qiyabi təhsil formasını müqayisə etdiyimiz zaman görürük ki, əyani formanın təhsilə verdiyi töhfə daha yüksəkdir. Hələ bir də distant formanı düşünək. Ölkəmizdə təhsil sistemini inkişaf etdirmək istiqamətində müəyyən addımlar atılır. Müəllimlik ixtisasları ilə bağlı addımlara baxaq, əvvəlcə bu ixtisaslarda ikinci ali təhsil, ardınca isə qiyabi pedaqoji ixtisaslar ləğv olundu. Ən sonda isə kolleclərdə bu ixtisaslar ləğv olundu. Bunlar təhsilin inkişafına dəstəyin nümunəsidir. Distant təhsildə bəzi ixtisaslar üzrə məhdudiyyət tətbiq olunmalıdır. Amma düşünürəm ki, bir sıra ixtisaslar üzrə distant təhsilə keçid mütləq zəruridir. Çünki hər il qəbul planının artırılmasını görürük. Keçən il 60 minə qədər qəbul planı nəzərdə tutulurdusa, bu il 70 mindən yuxarı olacağı gözlənilir. Bu qədər tələbənin olması Bakı şəhərində sıxlığın artmasına səbəb olacaq. Əksər ərazilərdən hər il Bakıya 15 minə yaxın tələbə gəlir. Düşünürəm ki, həmin ixtisasların bir qismini distant təhsilə çevirmək olar. Bu yolla nəqliyyatda sıxlığın qarşısı alınmış olarıq. Ali təhsil müəssisələri tələbə çoxluğu səbəbindən 2 növbəli sistemdə fəaliyyət göstərir. Distant təhsilə keçildiyi təqdirdə ikinci növbəyə ehtiyac qalmayacaq. Distant təhsil 75 min plan yerinin 15-20 minini azaltsa, bu təhsilə müəyyən qədər təsir göstərmiş olacaq”.
Ekspertin sözlərinə görə, bir sıra ixtisaslar var ki, onların proqramlaşdırılması bizə avropadan gəlir:
“Avropa bu ixtisaslar üzrə distant təhsili həyata keçirirsə, biz niyə keçirməyək?! Burada ixtisaslar üzrə müəyyən limit qoyula bilər. Yaxud universitetlərə qəbul zamanı həmin ixtisasların distant keçirilməsi ilə bağlı qeyd oluna bilər. Məsələn Türkiyədə "ikinci öğretim" deyə bir nümunə var. Bunun təhsil haqqı da nisbətən yüksəkdir. İstəyən tələbə istədiyi vaxt dərsə gedə bilər, eyni zamanda "uzaktan eğitim" də mövcuddur. Bu da bizim bildiyimiz distant təhsil formasıdır. Düşünürəm ki, bunun qardaş ölkədə bu tətbiq olunursa, bizdə də tətbiq oluna bilər. Bəzi ixtisaslar üzrə distant təhsilə keçidin qarşısında heç bir əngəl yoxdur. Buraya tərcümə, dil ixtisaslarını aid etmək olar. Zatən bəziləri bunu onlayn formada öyrənmək qabiliyyətinə malikdir. Biz onu onlayn formada öyrənə biliriksə, distant təhsildə niyə öyrənə bilməyək?! Yaxud bəzi ixtisaslar var ki, onları da onlayn formada öyrənə bilirik. Bağbanlıq, kənd təsərrüfatını özümüz də internetdən öyrənə, bağımızda tətbiq edə bilirik. Bəzi ixtisaslar var ki, orada təcrübə çox vacibdir, bəzilərində isə o qədər də önəmi yoxdur”.