Prezident İlham Əliyevin Xocalıya səfəri zamanı yerli balla bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Belə ki, ölkə başçısı fevralın 19-da rayonun Ballıca kəndinə gedib. O, kənd sakini Məhəmməd Quliyevin evində olub və onların təsərrüfatından olan balın dadına baxaraq bəyəndiyini deyib.
Sitat: “Ballıcada olub, balın dadına baxmamaq mümkün deyil. Bal da, maşallah çox dadlıdır. Bu bölgənin balının da fərqli dadı var. Mən 2020-ci ildən sonra – müharibədən sonra, Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını. İndi Ballıca balı da yedim”.
Bu balın digər bölgələrin balından fərqi nədir?
Kəlbəcər balının istehsalçılarından olan Xalid Nağıyev deyib ki, balın istehsalı ərazinin təbiətinə bağlıdır:
“Çiçəklərin sayı, çeşidi çoxdursa, orada istehsal olunan bal, eləcə də digər kənd təsərrüfatı məhsulları fərqli olur. Biz işğal dövrünə qədər sahib olduğumuz nemətlərin, sərvətin dəyərini bilməmişik. Bu gün Kəlbəcər balının istehsalını xüsusi qablaşdırmada həyata keçirməyə başlayırıq. Bu istiqamətdə bir yol seçmişik. Belə ki, Kəlbəcər balını “Kənd baba” markası adı altında qablaşdırıb, yerli bazarlarda tanıtmaq üçün işlər görürük. Hədəfimiz isə Kəlbəcər balını xarici bazarlara çıxarmaqdır”.
Laçın rayonundan olan yazıçı Şərif Ağayar arıçı ailəsindən doğulduğunu bildirib:
“Laçın və Kəlbəcərdə iqlimə uyğun arı növləri olur. Orada elmə məlum olmayan minlərlə çiçək, meşə bitkiləri növü var. Bu torpaqlar çox zəngindir. Qaratikan, meşə ağacları və çiçək balları möhtəşəmdir. Kiçik Qafqazın iqlimi Böyük Qafqazdan fərqlənir. Ona görə də yetişən məhsulların dadı fərqlidir”.
globalinfo.az