"Qarlı havada insanların əksəriyyətinin evdən çıxmağa qorxması müxtəlif səbəblərlə bağlıdır. Bunun psixoloji məqamları var. Belə ki, qarlı və buzlu hava insanın hərəkət qabiliyyətini məhdudlaşdırır, yerimə və avtomobil sürmə zamanı sürüşmə riski yaradır. İnsanlar öz hərəkətlərinə tam nəzarət edə bilmədikdə narahatlıq və qorxu hissi keçirə bilərlər".
Bunu Qaynarinfo-ya psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
Psixoloq qeyd edib ki, insan beyni bilinməyən və təhlükəli ola biləcək vəziyyətlərə qarşı təbii qorxu reaksiyası verir:
"Qar və buz sürüşmə, nəqliyyat qəzaları və ya soyuq havada hipotermiya kimi təhlükələri artırdığı üçün insanlar şüurlu və ya şüuraltı şəkildə ehtiyatlanırlar. Başqa bir səbəb kimi əvvəllər qarlı havada pis təcrübə yaşamış (məsələn, sürüşüb yıxılmış və ya avtomobil qəzasına düşmüş) insanlarla bağlıdır ki, bu cür havalara qarşı onlar daha həssas olurlar. Bu, travma sonrası stress pozuntusu və ya sadə fobiya şəklində də özünü göstərə bilər".
Elnur Rüstəmov qarlı günlərdə adətən hava şəraitinin tutqun və qaranlıq olduğunu vurğulayıb:
"Bu da beyində təhlükəsizlik hissinin azalmasına və izolyasiya qorxusuna səbəb olur. Xüsusilə, qış aylarında mövsümi affektiv pozuntu yaşayan insanlar üçün bu hava daha böyük psixoloji çətinlik yaradır. Cəmiyyətin ümumi davranışı insanın qorxu və ehtiyatlılıq səviyyəsinə təsir edir. Məsələn, əgər ətrafdakı insanlar qarlı havada evdən çıxmamağa üstünlük verirlərsə, fərd də şüuraltı şəkildə eyni davranışı təkrarlayır".
Elnur Rüstəmov əlavə edib ki, soyuq hava insanların rahatlıq zonasından çıxmasını çətinləşdirir:
"Evdə qalmaq daha təhlükəsiz və rahat göründüyü üçün insanlar bəzən özlərini təhlükəyə atmaq istəmirlər. Bu, xüsusilə qış aylarında motivasiya və enerjinin azalması ilə də bağlı ola bilər. Bütün hallarda bu qorxunu azaltmaq üçün insanlar təhlükəsizliyi təmin edən tədbirlər görə, özlərini hava şəraitinə uyğun hazırlaya və qarlı havanı daha müsbət qəbul edə bilərlər".