Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Qazılar Şurasının fətvasında bildirilib ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək. Martın 30-da isə Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Ramazan ayında ikinci Qədr (Əhya) gecəsi Novruz bayramının qeyd edildiyi tarixə - 20 marta təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirib ki, Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır:
“Çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir”, - Qazılar Şurasının Ramazanla bağlı fətvasında bildirilib.
Fətvada deyilib ki, Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir.
“Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun. Xüsusi olaraq bir daha dindarlarımıza və din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə süfrə açılması Allahın hökmü, Peyğəmbərin əmri ilə şəri baxımdan qəbul edilməyən böyük günahdır”, - fətvada vurğulanıb.