Martın 1-dən Azərbaycanda mübarək Ramazan ayı başlayıb. Ramazanda inanclı insanlar imkan daxilində İslam dininin 5 vacib şərtindən birinə əməl etməyə çalışırlar - oruc tuturlar.
Təbii ki, oruc tutmaq vəzifədən, qulluq mövqeyindən, sosial statusdan aslı məsələ deyil. Yəni oruc tutanlar sırasında hər kəsi görmək olar. Eləcə də deputatları.
Bəs Milli Məclisin hansı deputatları oruc tuturlar?
Modern.az saytının əməkdaşı bununla əlaqədar parlament üzvlərinə müraciət edib.
Məlahət İbrahimqızı oruc tutuduğunu bildirib: "Bəli, mən də oruc tuturam və çalışıram ki, Ramazan ayının qayda və qanunlarına əməl edim…".
Aydın Hüseynov isə oruc tutmağa çalışacağını qeyd edib: "Çalışacam ki, mən də oruc tutum".
Razi Nurullayev, Ceyhun Məmmədov və Fazil Mustafa da oruc tutan deputatlar sırasındadırlar.
Elşad Musayevin sorğumuza cavabı belə olub: "Kim oruc tutursa, Allah köməyi olsun. Kim də tuta bilmirsə, səhhəti imkan vermirsə, Allah canını sağ eləsin".Azər Allahverənov bu il oruc tuta bilməyən deputatlardandır: "Bu il oruc tutmaq mənə nəsib olmayıb".
Tahir Rzayev iş rejiminin gərgin olmasına və vaxt bölgüsünə görə oruc tutmaq imkanının olmadığını bildirib.
Arzuxan Əlizadə müəyyən problemlərə görə hələ ki oruc tutmadığını, amma yaxın vaxtda oruca başlamağı planlaşdırdığını söyləyib.
Ülviyyə Həmzəyevanın sualımıza belə caavb verib: "Orucun İslam dininin beş sütunundan biri olması bu ibadətin son dərəcə önəmliliyindən xəbər verir. İbadət insanın Allaha olan sevgi, hörmət və itaətini ifadə etdiyi mənəvi və dini əməllər toplusudur. İslamda ibadət təkcə namaz qılmaq, oruc tutmaq, zəkat vermək və Həccə getmək kimi vacib əməllərlə məhdudlaşmır, eyni zamanda insanın niyyəti və əxlaqı ilə bağlı hər bir yaxşı əməli də əhatə edir. Məsələn, insanlara kömək etmək, dürüst və ədalətli olmaq, halal qazanc əldə etmək də ibadət sayılır. Həmçnin ibadət Allahla insan arasındadı və hər kəsin bu mövzulara fərqli yanaşması ola bilər. Ümumiyyətlə isə bu kimi mövzuların soruşulmasına fərqli yanaşır və çox şəxsi olduğunu düşünürəm. Sadəcə, necə deyərlər, gəlin elə yaşayaq ki, Tanrıya da xoş olsun!".
Sahib Alıyev Allaha ona oruc tutmaq imkanı verdiyi üçün minnətdarlıq edib: "Açığı mən bu cür şəxsi sualları cavablandırmağı düzgün saymıram. Amma bir halda suruşursunuzsa, deyim: məncə, özünü müsəlman sayan hər bir yetkin adam ümmətin bir zərrəsi olaraq əgər sağlamlığı və şərait imkan verirsə, oruc tutmalıdır. Mən də Allahıma uzun illərdir ki, oruc tutmaq xoşbəxtliyini nəsib etdiyinə görə minnətdaram".
Bəzi deputatlar sualın şəxsi olmasını əsas gətirərərək, sorğumuzda iştirak etmək istəməyiblər, digərləri ümumiyyətlə cavab verməyiblər.