Fransada Türkiyəyə, elə Azərbaycana da xüsusi nifrət hissi var. Bu, adları çəkilən ölkələrin liderləri arasında mövcud olan münasibətlərə də yön verib. Gərginlik bəzən bütün hədləri aşıb. Yəni ermənipərəst Fransadan Türkiyə ilə bağlı yaxşı bir şey gözləməyə dəyməz.
İndi bu mətnə diqqət edin.
Fransanın məşhur “LE MONDE” qəzeti yazır:
“Bir vaxtlar “yöndəmsiz tərəfdaş” hesab olunan Türkiyə zəifləmiş Avropa İttifaqı üçün vacib tərəfdaşa çevrilib.
Bu ölkə Moskvaya qarşı Qərbin sanksiyalarını tətbiq etmədən bir əli ilə Ukraynanı silahlandırıb, digər əli ilə Rusiya ilə məşğul olub. Ankara gözəl tarazlıq siyasəti yeridir.
Fevralın 17-də Yelisey sarayında prezident Emmanuel Makron Ukraynaya dəstəklərini təsdiqləmək üçün yeddi Avropa liderini, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) və Avropa İttifaqının (Aİ) qurumlarının rəhbərlərini bir araya toplayıb. Bir neçə Aİ rəsmisi dəvət almadığı üçün məyusluğunu dilə gətirib. Lakin xüsusilə bir ölkənin yoxluğu isə diqqəti cəlb edirdi: NATO-nun ikinci ən böyük hərbi gücü olan Türkiyə.
11 gün sonra – fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, onun vitse-prezidenti JD Vance və Ukrayna Prezidenti Volodimir Zelenski arasında kamera qarşısında möhtəşəm mübahisə baş verdi. Amerikanın Hudson İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi Zineb Riboua tərəfindən dərhal “strateji səhv hesablama” olaraq xarakterizə edilən Türkiyənin Parisdə olmaması gündəmə gəldi. Bu strateji səhv martın 2-də Londonda İngiltərənin Baş naziri Keir Starmer tərəfindən aradan qaldırıldı.
Türkiyənin xarici işlər naziri Hakan Fidan 15-ə yaxın liderdən biri kimi bu böhran sammitinə dəvət olunub. Digər iştirakçılar kimi o da görüşün sonunda çox şey danışmadı, lakin ölkəsinin Avropa üçün müzakirə olunan yeni təhlükəsizlik arxitekturasında iştirakının vacibliyini vurğuladı. Fidan bir gün əvvəl isə rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışmışdı”.
Elbəyi Həsənli