1xeber.media Kult.az-ın Bakı meri Eldar Əzizovla virtual müsahibəsini təqdim edir:
- Eldar müəllim, sizi tapmaq o qədər də asan olmadı...
- Evdən çıxa bilirəm ki! Hər yeri su basıb...
- Bunun günahkarı kimdir?
- İki günahkar var: biri odur ki, yağış ağ edir, bu mövsüm artıq ikinci dəfədir ki, bizi sınağa çəkir. Deyən lazımdır ki, bu, nəyin yağışıdır? 16 apreldə də belə hava olar? Biabırçılıqdır, rüsvayçılıqdır, bu təbiəti İnam Kərimovun mühakiməsinə vermək lazımdır. Sanki payızdır, qışdır...
- Eldar müəllim, qışda da yollar buz bağladı, onda da yolları qardan təmizləməyə gecikdiniz...
- Guya qış özünü qış kimi apardı? Qış da hər tərəfi ağ eləmişdi də... Sözümü kəsirsiniz, imkan vermirsiniz danışım...
- Üzr istəyirik...
- Harda qalmışdım?
- Yağışın çox yağmağında...
- Ay sağ ol! Bir də o gün elə sizin kanalda baxıram: yağış yağanda Paris də batır, Berlin də, Nyu York da. Yəni günah bizdə deyil...
- Bəs, ikinci günahkar kimdir?
- Xalq, millət, Bakının sakinləri və gözəl şəhərimizin qonaqları... Ay balam, görmürsünüz havanı? Niyə evinizdə qaxılıb oturmursunuz? Nə düşmüsünüz bu şəhərin canına?
- Camaat işə getmək istəyir...
- Nə iş-bazlıqdır? O boyda XİN başçımız Elmar Məmmədyarov evdən işləyirdi, indi siz bir-iki gün evdən işləsəniz, dünya dağılar?
- Bəs, siz?
- Elə mən də adətən evdən, ya da uzağı, kabinetdən işləyirəm. Gördüm qar, ya yağış yağır, keçirəm onlayn rejimə. Mənim nə işim var axı qarda, yağışda, çovğunda bu küçələrdə?
- Yağışda yeraltı yol ötürücüləri doldu, insanlar çarəsiz qaldı...
- Hara dolub?
- Bağırov körpüsü...
- Dəqiq? Yalan demirsən?
- Videoları var!
- Yaxşı, müsahibədən sonra verərsən, baxaram o videolara. Görüm nə təhər dolub, nə baş verib...
- Bəs, bununla bağlı bir izahınız yoxdur?
- Nəyin izahını verim? Bağırov körpüsünü tikən mənəm? Gedin, Mir Cəfərdən soruşun, görün, niyə elə tikib ki, indi altına su dolur...
- Mir Cəfərin qəbrini də tapmaq olmur...
- İndi məni tapmısınız deyə, Mir Cəfərin gördüyü işə mən cavab verməliyəm?
- O körpüdə heç vaxt problem olmurdu. Yalnız əsaslı təmirdən sonra ora su dolmağa başladı, yəqin drenaj sistemi...
- Dayan, stop, dur! O körpü kimin vaxtında təmir edilmişdi? Hacıbalanın, elə deyil?! Allah canını sağ eləsin, onu ki tapa bilərsiniz. Gedin, ondan soruşun!
- Bəs, Sabunçudakı körpü? Ötən dəfə iki gənc boğulub, həlak oldu orda. İndi yenə su ilə dolub!
- Dəqiq dolub?
- Dəqiq!
- Onun da videosu var?
- Var!
- O körpünü kim tikib? Maraqlanmısınız?
- Amma siz şəhərin merisiniz...
- Merəm də, köpüsalan deyiləm ki!
- Birdən yenə orda ölüm olsa...
- Onun da günahı xalqda olacaq. Görürsünüz su basır, girməyin də, ümumiyyətlə, dedim axı, yağışda, qarda evdən çıxmayın.
- Bəzi iddialar var ki, yağış sularının axması üçün drenaj sistemi vaxtında təmizlənmir...
- Əvvəla, təmizlənir, özüm görmüşəm, onlayn rejimdən bezib işə gedəndə ətrafa baxıram axı! İkincisi, görürsünüz proqnozu? Bakıya bir gündə aylıq yağıntı miqdarından az qala iki dəfə çox yağış düşüb. Suları ötürməyə çatdırmır sistem. Üçüncüsü, tutaq ki, vaxtında təmizlənmir. Onları kim təmizləməlidir? Gedin, ondan soruşun!
- Eldar müəllim, bəzi iddialara görə, Bakının bu hala düşməyinin səbəbi xaotik tikinti, plansızlıq, harda gəldi göydələnlərin ucaldılmasıdır...
- Göydələnlərə Arxitektura Komitəsi icazə verir, gedin, onlardan soruşun!
- Bakıda sıxlığın səbəbləri...
- Nazirlər Kabineti bununla bağlı tədbirlər görmək üçün müvafiq qurumlara tapşırıq verib. Gedin, onlardan soruşun!
- Bakının Baş Planı...
- Mənilik deyil ki! Baş Planla bağlı dövlətimizin qərarı var, ona da nəzarəti...
- Belə havalarda metroda da yaman sıxlıq olur.
- Ona Bakı Metropoliteni cavahdehdir, onlardan soruşun!
- Bəs, siz nə ilə məşğulsunuz?
- Dua edirəm ki, yağış bir az tez kəssin, gün çıxsın, yurdumuza bahar gəlsin, gül-çiçək açsın, insanlar can deyib-can eşitsin, bülbül gülə naz eyləsin...
- Eldar müəllim, axı dua işinə də Allahşükür Paşazadə baxır!
- Dəqiq?
- Dəqiq!
- Videosu var?
- Var, məsciddə dua edəndə çəkilib! Əllərini də bax, belə qaldırıb göyə!
- Hm, doğru deyirsən. Yaxşı, daha dua da etmərəm...