Ölkəmizdə ən yaddaqalan, məşhur baş prokurorlar kimlərdir?
1xeber.media Globalinfo.az-a istinadla Azərbaycanda baş prokurur olan şəxslər barədə məlumatı təqdim edir.
Müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbov olub:
O, 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. Qayıbov cəmi bir il baş prokuror kimi fəaliyyət göstərib. Belə ki, o, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.
Ölkənin ikinci baş prokuroru Murad Babayev idi:
26 noyabr 1991-ci ildə baş prokuror təyin edilən Babayev bir illik fəaliyyətdən sonra, 14 oktyabr 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi nəticəsində vəzifədən gedib. O, 2013-cü ilin yanvar ayında ürək tutmasında vəfat edib.
Ardınca baş prokurur vəzifəsinə İxtiyar Şirinov təyin edilib:
1992-ci il, 14 oktyabrda vəzifəyə gələn Şirinovun da fəaliyyət müddəti bir illə məhdudlaşıb. O, 30 iyun 1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi səbəbindən vəzifədən uzaqlaşdırılıb. İxtiyar Şirinov 1993-cü ilin iyun ayında bir qrup dövlət adamı ilə birlikdə Gəncə şəhərində Surət Hüseynovun qiyamçı dəstəsi tərəfindən girov götürülmüşdü. Ona girovluqda olanda o vaxtkı prezident Əbülfəz Elçibəyin həbsi ilə bağlı order imzalatmışdılar. Deyilənə görə, İ.Şirinov bu addımı işgəncələrə dözməyərək atıb. O, 2022-ci ilin 14 noyabr tarixində vəfat edib.
Həmin ilin 3 iyul tarixində baş prokuror vəzifəsi Əli Ömərova həvalə edilib
Təəssüf ki, o da təxminən 1 il vəzifədə olub. Belə ki, 1994-cü ildə 8 oktyabr 1994-cü il tarixində Ömərov işindən kənarlaşdırılıb. Əli Ömərov Rövşən və Mahir Cavadov qardaşlarının Baş Prokurorluğun binasına hücum zamanı döyülmüş, işgəncə görmüşdü. O, AzTV-nin efirinə çıxaraq Xətai rayonunun o vaxtkı prokuroru Mahir Cavadov tərəfindən necə döyüldüyünü detallı izah etmişdi.
Daha sonra bu posta Eldar Həsənov təyin edilib
O, 1995-ci il, 22 martda fəaliyyətə başlayıb. Digər baş prokurorlardan fərqli olaraq, 5 il vəzifədə qala bilib. 21 aprel 2000-ci il tarixindən E.Həsənov artıq ölkənin baş prokuroru olmayıb. O, fəaliyyətini səfir kimi davam etdirib. Azərbaycanın Rumıniyada (2001-2013), Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri (2013-2020-ci illər) olub. 2020-ci ilin avqust ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2022-ci ilin yanvar ayında 10 il azadlıqdan məhrum edilib.
Həmin il 25 apreldə Zakir Qaralov Azərbaycanın baş prokuroru postuna gətirilib:
O, bu vəzifədə uzun müddət qalmaqla, rekord qırıb. Belə ki, Qaralov 20 il baş prokuror kimi fəaliyyət göstərib. 1 may 2020-ci ildə isə kreslosundan ayrılmalı və yerini Kamran Əliyevə verməli olub.
Qeyd edək ki, Xalq Cümhuriyyəti dövründə Azəbaycanın prokurorluq orqanlarının ilk rəhbəri Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918) olub. Sovet Azərbaycanının ilk baş prokuroru isə Əliheydər Qarayev ( 28 Aprel 1920 – 1921) idi.