Ukrayna prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək Rusiya lideri Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti Telegram-da məlumat yayıb.
"Biz Putinlə birbaşa danışıqlara hazırıq. Həm də Avropada uzunmüddətli təhlükəsizliyi təmin etmək üçün hamımızın birlikdə işləməyimiz çox vacibdir. Amerika ilə daim təmasda olacağıq", - Ukrayna lideri bildirib.
O əlavə edib ki, Ukrayna danışıqlara hazır olmasına baxmayaraq, atəşkəs rejimini zəruri hesab edir.
Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də İstanbulda münaqişənin həlli üçün yeni birbaşa danışıqların keçirilməsini açıq şəkildə təklif edib. O, Moskvanın dialoqun başlanması üçün ilkin şərtlər irəli sürmədiyini bəyan edib.
Elə həmin gün Zelenski Putinə cavab verdi ki, atəşkəs olsa, Türkiyədəki danışıqlarda şəxsən onu gözləyəcək.