ABŞ Prezidenti Donald Tramp ilə texnologiya milyarderi İlon Mask arasında münasibətlərin pisləşdiyi bildirilir. Münaqişə, Trampın təqdim etdiyi “Big Beautiful Bill” adlı genişmiqyaslı vergi və xərcləmə qanun layihəsinə Maskın sərt tənqidi ilə başlayıb. Mask bu qanun layihəsini “iyrənc abominasiyadır” adlandıraraq, onun maliyyə baxımından məsuliyyətsiz olduğunu vurğulayıb.
Tramp isə bu tənqidlərə cavab olaraq, Maskın rəhbərlik etdiyi şirkətlərə verilən dövlət subsidiyalarını ləğv etməklə hədələyib. Mask isə buna qarşı olaraq, SpaceX-in Dragon kosmik aparatlarının fəaliyyətini dayandırmaqla hədələyib ki, bu da NASA-nın əməliyyatlarına ciddi təsir göstərə bilər.
Münaqişə sosial mediada qarşılıqlı ittihamlarla daha da dərinləşib. Mask Trampın impiçmentini tələb edərək, onun Jeffrey Epstein ilə əlaqələrini gündəmə gətirib və JD Vance-in prezident postunda onu əvəz etməli olduğunu təklif edib. Bu qarşıdurma nəticəsində Teslanın səhmləri 14%-dən çox dəyər itirib və ümumilikdə 152 milyard dollar itkiyə səbəb olub.
Düşmənçilik daha da dərinləşsə, nəticələri necə ola bilər? Mask, Tramp üçün hansı xoşagəlməz sürprizləri hazırlaya bilər?
O da bildirilir ki, Mask ABŞ Prezidenti olmaq istəyir. İki nəhəng arasında savaşın başlamasına da bu niyyətin səbəb olduğu deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, ABŞ-da istər Demokratların, istərsə də Respublikaçıların uğur qazanmasında seçki kampaniyalarına qoyulan pullar həlledici rol oynayır:
“Amerikalıların düşüncə tərzi fərqlidir. Onlara görə pul əsas təsir alətidir. Maddi nemətlər mənəvi dəyərləri qabaqlayır.
Prezident seçkiləri kampaniyasında Maskın Respublikaçıların namizədi Trampı müdafiə etməsi qələbəni təmin edən əsas aktorlardan biri olmuşdu. İndi Tramp və Mask arasında yaranmış soyuqluq Respublikaçılar üçün yaxşı heç nə vəd etmir. Çünki həmin qələbədə Maskın xarizması və maliyyə dəstəyi böyük rol oynayıb. Onun indi geri çəkilməsi və hətta əks fəaliyyətə keçməsi ciddi zərbə olacaq.
Mask Tramp üçün etdiklərinin qarşılığını ala bilməyib. Bir biznesmen üçün bu, həm uğursuzluq, həm də faciə sayılır. Bu səbəbdən Mask Respublikaçıları bağışlamaya da bilər. Əgər nəzərə alsaq ki, onun həm maliyyə, həm biznes, həm də siyasi təsir imkanları var, onda bu qarşıdurmanın nəticələri kifayət qədər dağıdıcı ola bilər.
Tramp hakimiyyətdə olduğu üçün əlindəki inzibati rıçaqlardan istifadə edərək Maska qarşı basqılar edə bilər, hüquqi təzyiq mexanizmlərini işə sala bilər. Lakin bu miqyasda bir milyarderi bu yolla sıxışdırmaq və neytrallaşdırmaq asan deyil.
Maskın təsir sahəsi daha genişdir. Üstəlik, son zamanlar Amerika cəmiyyətində Trampın reytinqi aşağı düşür. Verilən vədlərin yerinə yetirilməməsi Trampa qarşı olan cəbhənin əlini gücləndirən amillərdəndir. Maskın iqtisadi imkanları isə bu mübarizəyə əlavə təzyiq alətləri qatır.
Ortada kifayət qədər təlatümlü mənzərə var. Barışıq yolları tam tükənməyib, amma tərəflərin xarakterlərinin avtonomluğu və kəskinliyi sülhün uzunmüddətli olmasını sual altına alır.
Ona görə də ABŞ kimi qüdrətli bir dövləti özündən razı, siyasətdən bixəbər iki eqo qarşıdurmaya doğru aparır”.