Əksər sürücülər avtomobillərinə təmir üçün böyük məbləğlər xərcləmək istəmir. Lakin elə avtomobil istehsalçıları var ki, onların bəzi modelləri olduqca baha başa gələn texniki xidmət və təmir tələb edir.
1xeber.media xəbər verir ki, bu barədə "Express" nəşri yazır.
Təcrübəli avtomexanik Skotti Kilmer özünün "YouTube" kanalında dərc etdiyi videoda təmir xərcləri yüksək olan məşhur bir marka barədə danışıb. Onun sözlərinə görə, həmin markanın avtomobillərinin təmiri "bütün varidatın" itkisi ilə nəticələnə bilər.
Kilmer qeyd edib ki, "Volkswagen" markalı avtomobillərin yığılma keyfiyyəti çox da yaxşı deyil. Hətta o, bu avtomobillərdə istifadə edilən bir çox ehtiyat hissələrinin aşağı keyfiyyətli materiallardan hazırlandığını və tez-tez sıradan çıxdığını bildirib.
Mexanik xüsusilə "Volkswagen" avtomobillərindəki avtomatik sürətlər qutusunu tənqid edib. Onun fikrincə, bu problem əsasən 2000-ci illərdə istehsal olunmuş modellərdə daha qabarıq şəkildə özünü göstərir.
"Onların avtomatik sürətlər qutusu bərbaddır - tez-tez sıradan çıxır və təmiri olduqca bahalıdır", deyə Kilmer bildirib.