Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.
Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
Ekspertlər hesab edir ki, Prezident İlham Əliyev Məsud Pezeşkian kimi İsrail Baş naziri Benyamin Netanyahu ilə də danışa bilər.
Bu, nə dərəcədə realdır? İlham Əliyev M.Pezeşkian kimi B.Netenyahunu da atəşkəsə görə təbrik edəcəkmi? Ümumiyyətlə, Bakı Tehran və Təl-Əviv arasında balansı qoruyacaqmı?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan və İran prezidentləri arasında baş tutan telefon danışığı əhəmiyyətlidir:
“Çünki hər iki tərəfin müəyyən sualları var idi və bu məsələlər mütləq aydınlaşdırılmalı idi. İran ilə İsrail arasında baş tutan 12 günlük müharibə zamanı bir çox İran və İsrail teleqram kanalları, media orqanları ədalətdən uzaq, dezinformasiya xarakterli iddialar yaydılar. İran Prezidenti Məsud Pezeşkian tərəfindən verilən açıqlamada da bu məsələyə toxunuldu.
Azərbaycan dövlətinin, prezidentin mövqeyi aydındır. Biz tam şəffaf qonşuluq münasibətləri qururuq. Bəzilərindən fərqli olaraq, qonşumuzun düşməninə və ya qonşumuzla müharibə aparan ölkəyə yardım etmir, silah və texnika göndərmirik. Bu, Azərbaycanın uzun illərdir bacardığı və davam etdirdiyi xarici siyasət xəttidir.
2005–2006-cı illərdə ABŞ Prezidenti Corc Buşun dövründə İranla bağlı müzakirələr aparıldığı bir zamanda da ölkəmiz ABŞ-a bu məqsədlə ərazimizdən istifadə etməyə icazə verməmişdi. Bu müharibədə də Azərbaycan mövqeyini dəyişmədi. Münaqişənin ilk günündən etibarən atəşkəsin əldə olunması və danışıqların başlanması çağırışını etdi”.
Ekspert deyib ki, Azərbaycan heç bir ölkəyə qarşı digəri ilə münasibət qurmur:
“Yəni istər Azərbaycan–İsrail, istərsə də Azərbaycan–İran münasibətləri digər ölkəyə qarşı yönəlmir. Halbuki, biz İran tərəfindən bu yanaşmanı hiss edə bilmirik. İran, tarixi Azərbaycan torpağı olan Zəngəzurda konsulluq açır, İran generalları “qırmızı xətlər” barədə danışır, 44 günlük müharibədən sonra isə Ermənistana yardım göstərir. Azərbaycan isə bütün bunlara baxmayaraq, İsrailə heç bir yardım etmədi, dəstək ifadə etmədi.
Hesab edirəm ki, problemlər barədə açıq danışmaq lazımdır. Ortaq məxrəcə gəlmək vacibdir. Azərbaycan tərəfi buna açıqdır. Əgər hansısa sual doğuran məqam varsa, onu müzakirə etməyə Bakı hazırdır. Təəssüf ki, İran hər hansı məsələ ilə bağlı araşdırma aparmaq əvəzinə, dindarları və generalları üzərindən bəyanatlar verir.
Bu gün artıq başa düşmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda öz milli və suveren maraqlarını həyata keçirən ölkədir. Biz heç bir ölkənin Cənubi Qafqaz maraqlarının bir parçası deyilik. Bu, qonşularımızı sevindirməlidir. Azərbaycan öz milli maraqlarını əsas götürür. Rəsmi Bakı heç vaxt başqa ölkənin maraqlarına uyğun olaraq üçüncü tərəfin maraqlarını tapdalayan addımlar atmayıb”.