Son günlər icra başçılarının savad səviyyəsi ilə bağlı ciddi suallar yaranıb. Onların oxuyub-yazma qabiliyyətinin belə zəif olduğu iddia olunur. Təbii ki, bu yanaşmanı hamısına şamil etmək düzgün olmaz. Ancaq Qazax Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı yayılan məlumatlar bu müzakirəni yenidən gündəmə gətirib. Bu barədə saytımızda geniş araşdırma dərc olunub.
Bildirilir ki, dövlət idarəçiliyində çalışan, xüsusilə də rəhbərtutan şəxslərin müəyyən bilik və bacarığa sahib olması vacibdir. Necə ki, müəllimlər və həkimlər dövri sertifikasiyadan keçirlər, eyni mexanizm icra başçıları və onların komandasına da tətbiq edilməlidir. Bu cür yanaşma onların idarəçilik qabiliyyətlərinin, savad və dünyagörüşlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki icra başçıları yalnız özlərini yox, həm də dövlətin siyasətini və cəmiyyətin dəyərlərini təmsil edirlər.
Onların elementar savadı yoxlanılmalıdırmı? Bu sahədə hansı nəzarət mexanizmi tətbiq oluna bilər?
Globalinfo,az-a danışan sabiq deputat , təhsil eksperti Etibar Əliyev deyib ki, vəzifə sahiblərinin bilik səviyyəsi yüksək olmalıdır:
“İcra başçıları elmə və maarifə kifayət qədər əhəmiyyət vermirlər. Əksər bölgələrdə nə kitab mağazası, nə də işlək kitabxanalar var. Bu, icra başçılarının elmə münasibətini açıq şəkildə göstərir. Onlar hər il məzun günlərində yüksək nəticə göstərən gənclərlə görüşlər keçirirlər. Həmin tədbirlərdə çıxışlarını dinləmək savad səviyyələri barədə fikrin formalaşmasına bəsdir. Danışıq üslubları və ünsiyyət bacarıqları çox aşağı səviyyədədir. Hətta gənc icra başçılarının intellektual səviyyələri də yaşlı həmkarlarından fərqlənmir. Amma Prezidentin onlara göstərdiyi etimadı nəzərə alaraq, bu məsuliyyəti dərk etməli və savadlarını artırmaq üçün çalışmalıdırlar”.
Ekspertin sözlərinə görə, icra başçıları dil bacarıqlarını yoxlamaq üçün imtahanlarda iştirak etməlidirlər:
“Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanı təşkil edir. İcra başçılarının burada iştirakı, bu barədə məlumatların araşdırılması maraqlı statistik mənzərə ortaya qoya bilər. Qeyd edim ki, imtahanlarda iştirak könüllüdür və nəticələr məxfi saxlanılır. Ümumilikdə, icra başçılarının idarəetmə, təsərrüfat və təhsil sahəsində bilikləri onların əsas üstünlüyü olmalıdır”.
Xatırladaq ki, bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yazıçıları imtahan verməyə çağırmışdı. Söhbət Azərbaycan dili sertifikasiya imtahanından gedir. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.
“Gündəlik Qazax” səhifəsinin Qazaxın icra başçı Rəcəb Babaşov haqda yazısı