“Rusiyada təhlükəsizlik qüvvələrinin milli azlıqlara (çeçenlər yalnız istisnadır və bu da müvəqqətidir) münasibətinin necə olduğunu hamı bilir. Ancaq fikrimcə, Yekaterinburqdakı hadisə milli məsələ ilə bağlı deyil. Burada söhbət Rusiyada iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar sürətli şəkildə mülkiyyətin yenidən bölüşdürülməsindən gedir.
Bu fikirləri estoniyalı politoloq Peeter Taim Globalinfo.az-a açıqlamasında bildirib:
“İki azərbaycanlı sahibkarın ölümü isə sizin təyyarənizin vurulmasından sonra Azərbaycanla Rusiya arasında əsası çoxdan qoyulmuş qarşıdurmanın tətikçisi oldu. Mənə təəccüblü gəlir ki,Rusiya yaxın keçmişdən ibrət dərsi almayaraq yenidən əvvəlki üsullara əl atır. Buna ən layiqli cavab isə bir qrup rusiyalının Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanması prosesini əks etdirən videogörüntülərdir. Bu isə bir daha sübut edir ki,Rusiyaöz gücünü yalnız zəif hesab etdiyi demokratik hökumətlərə göstərə bilər”.
Qazaxıstanlı alim, siyasi elmlər doktoru Muhit-Ardaqer Sıdıqnazarovaçıqlamasında öncə Yekaterinburqda həlak olan azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı verib:
“Azərbaycan hər şeyi düzgün və adekvat şəkildə etdi. Xaricdəki soydaşların və Azərbaycan vətəndaşlarının həyatı bir nömrəli prioritetdir. Heç kəsə vətəndaşların, insanların hüquqlarını pozmağa, xüsusilə həyatlarına qəsd etməyə icazə verilmir”.
Gürcü politoloq Gela Vasadze isə qeyd edib ki, Rusiyada Yekaterinburqun azərbaycanlı icmasına hücum Kremlin ksenofobik siyasətinin tərkib hissəsidir:
“Yerli hakimiyyət əcnəbilərə qarşı ayrı-seçkilik siyasəti aparır. Bu vəziyyət Azərbaycanın regionda və dünyada artan nüfuzunu dərk etməməsi səbəbindən siyasi böhrana çevrilib”.
Rusiyada yaşayan türkiyəli tarixçi alim, politoloq Mehmet Perinçek isə bildirib ki, rus polisi tərəfindən insan haqlarına qarşı bir davranış olubsa günahkarlar cəzalandırılmalıdır:
“Bu, Rusiyanın özü üçün önəmlidir, çünki bu insanlar Azərbaycan əsilli olsalar da Rusiya vətəndaşıdırlar. Rusiya dövləti də öz vətəndaşlarının haqlarını qorumağa məcburdur. Bu təbii ki, Rusiyanın daxili rifahı baxımından da önəmlidir”.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasındakı qarşıdurma ən çox Ermənistanın işinə yarayacaq və onun arxasında duran qüvvələri sevindirəcək:
“Rusiya–Azərbaycan əməkdaşlığı regiona kənardan müdaxilənin qarşısının alınması və bölgənin problemlərinin həlli istiqamətində mühüm rol oynayır. Qarabağ məsələsinin həlli bunun önəmli nümunələrindən biridir. Moskva-Ankara-Bakı oxu Qarabağ məsələsinin həllində vacib rol oynamış, Qərbin məsələyə müdaxiləsinin qarşısını almış və Azərbaycanın da ərazi bütövlüyünün təmin olunmasında önəmli bir funksiya yerinə yetirmişdir”.
Perinçek qeyd edib ki, qarşıda buna bənzər yenə çox sayda problemlər var:
“Xüsusilə də Qərb dövlətləri tərəfindən Ermənistan Azərbaycana qarşı təxribata cəlb edilərək silahlandırılmaqdadır. Eyni problemləri Rusiya Ukrayna məsələsində yaşamaqdadır. Bu baxımdan iki ölkənin əməkdaşlığı bu problemlərin həllinə yol açar, ancaq qarşıdurma yarandıqda hər iki tərəfin düşmənləri bundan faydalanar.
Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq tarixi əhəmiyyətə malikdir. Türkiyə də buna daxildir və regionda sabitliyin pozulması planlarında bizim ölkələrimiz zərər görməkdədir. Ona görə bu hadisələrə soyuqqanlı yanaşıb ortaq məxrəcə gəlmək lazımdır”.
Globalinfo.az