ABŞ-nin Türkiyədəki səfiri Tom Berrekin Ermənistanla Azərbaycan arasında danışıqlara kömək etmək üçün Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə RTVI-a Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin bildirib.
O qeyd edib ki, Amerika səfirinin sözlərinin arxasında “bugünkü Ermənistan və Azərbaycan rəhbərliyinin belə bir varianta razılığı dayanır”.
"Hesab edirəm ki, bu, kifayət qədər real perspektivdir. Hətta mənim fikrimcə, Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərindəki son gərginliklər süni şəkildə yaradılıb və sadəcə onunla bağlıdır ki, Azərbaycan və Ermənistan tərəfi Moskvadan Zəngəzur təklifi ilə bağlı soruşmasınlar", - rusiyalı deputat bildirib.
Zatulin xatırladıb ki, daha əvvəl belə bir dəhliz yaradılacağı təqdirdə ona Rusiya qoşunları və ya Rusiya nümayəndələrinin nəzarət edəcəyindən söhbət gedirdi. Deputatın sözlərinə görə, indi Ermənistanda və Azərbaycanda heç kim bundan narahat deyil:
"Sadəcə, onlar üçün regionun yeni sahiblərinin gəlib bu nəzarəti həyata keçirməsi vacibdir. Ona görə də qəsdən elə bir vəziyyət yaradılıb ki, münasibətlər soyudulsun və Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə deyil, amerikalılarla danışıqlar aparılsın. Düşünürəm ki, ABŞ-ın Türkiyədəki səfiri əslində müzakirə olunanları deyib".