Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 16-da Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşü xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov olsa da, ölkənin əsas siyasi fiquru dövlət başçısının atası Qurbanqulu Berdiməhəmmədovdur.
1xeber.media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, Türkmənistan illərdir neytral xarici siyasətə üstünlük verir və bloklara qoşulmur:
“Türkmənistan türkdilli dövlət olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatının üzvü deyil. Türkmənistan TDT-nin toplantılarına müşahidəçi statusunda qatılır. Halbuki Türkiyə və Azərbaycan Türkmənistanın təşkilata üzv olmasını istəyir.
Türkiyə və AB Türkmənistan qazının Azərbaycan üzərindən Avropa ölkələrinə nəql edilməsini də istəyir. Ancaq bunun üçün Xəzər dənizinin dibi ilə boru xətti çəkilməlidir. Azərbaycan Türkmənistan qazının Avropaya nəqlinə dəstək verməyə hazırdır. Ancaq Azərbaycan Xəzər dənizinin dibi ilə boru xəttinin tikintisinin təşəbbüskarı kimi çıxış etmək fikrində deyil. Azərbaycanın mövqeyi belədir ki, həmin boru xəttinin tikintisini Türkmənistan və AB həyata keçirməlidir.
1990-cı illərdə Türkmənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik var idi. Türkmənistan Azərbaycanın Xəzər dənizindəki “Kəpəz” yatağına iddia edirdi. Türkmənistan həmin yatağı “Sərdar” adlandırırdı. 2021-ci il yanvarın 21-də Aşqabadda iki dövlət arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandum imzalandı və bununla mübahisəyə son qoyuldu. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırıldı.
Buna baxmayaraq, həmin yataqda birgə fəaliyyətə hələ başlanılmayıb. Qurbanqulu Berdiməhəmmədovun Bakıda İlham Əliyevlə bu məsələni müzakirə edəcəyi mümkündür.
Qurbanqulu Berdiməhəmmədov Bakıdan sonra Qarabağa gedəcək. Bu da Azərbaycan üçün əhəmiyyətlidir.
Ümumiyyətlə müxtəlif dövlət liderlərinin işğaldan azad olunan Qarabağ bölgəsinə səfərləri Azərbaycanla əməkdaşlığa verilən qiymətdir. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca, Türkmənistanın da Qarabağ və ya Şərqi Zəngəzurda məktəb və ya mədəniyyət mərkəzinin inşaatına qərar verməsi ümumi işin xeyrinə olar”.