Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, son zamanlar ABŞ Administrasiyası, xüsusilə Prezident Donald Tramp tərəfindən Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dair müsbət mesajlar verilir. Eyni zamanda Tramp Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi "Truth Social" hesabında paylaşıb. Ağ evin bölgəyə, Azərbaycana artan marağı nə ilə bağlıdır?
- Öncə onu vurğulamaq lazımdır ki, Ağ Ev Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə heç də vasitəçi prinsipi ilə yanaşmır. İndiki ABŞ Administrasiyasının prosesə münasibəti Bakı ilə İrəvanın razılaşdırdığı çərçivə sülh sənədinə olan yanaşmadır. Eyni zamanda iki ölkə arasında kommunikasiya xəttlərinin açılması məsələsi də həll olunmalıdır. Bu məsələnin həll olunması mövzusu gündəmdədir. Burada ABŞ vasitəçilik deyil, sadəcə olaraq, öz imkanlarından istifadəni təklif edir. Sözsüz ki, bu siyasi fəallıq fonunda ABŞ-nin mövqeyi və nüfuzu artacaq. Bu xüsusda Trampın bu bölgədə fəallığı Türkiyənin əsas vasitə olmasını nəzərdə tutur. Ağ Ev Administrasiyasının buna aid fikirləri də artıq bəyan edilib ki, onların bu bölgədə əsas partnyoru Türkiyədir. Məhz bu kontekstdə bir neçə müsbət faktorlar üst-üstə gəlir. Azərbaycanla Rusiya arasında gərginliyin əsas səbəblərindən biri də Zəngəzur dəhlizinə dair mövzudur. Bu mənada Trampın Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi "Truth Social" hesabında paylaşması növbəti siyasi dəstəkdir. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə Ağ Ev Administrasiyasının dəstəyi böyük əhəmiyyət kəsb edir. ABŞ və Azərbaycan arasında münasibətlər Bayden (sabiq ABŞ Prezidenti Cozef Bayden) Administrasiyasından sonra bərpa, inkişaf dövrünü yaşayır. Bu Amerika tərəfindən Azərbaycanla bağlı son 10 gün ərzində verilən üçüncü müsbət siyasi mesajdır. Tramp özünün sosial media hesabında Azərbaycan Prezidentinin fikirlərini paylaşmaqla yanaşı, buna qədər iki dəfə mühüm siyasi bəyanat səsləndirib. ABŞ-nin daha aktiv şəkildə bu mövzu ilə məşğul olmağa hazır olduğu verilən bu mesajlarda aydın görünür.
- ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə bağlı müsbət mesajları hansı geosiyasi maraqlara və ya ehtimallara əsaslanır? Ağ Ev bu məsələdə nə qədər irəliyə gedə bilər?
- Bu, ilk növbədə Ermənistana aid bir məsələdir. Keçmiş ABŞ Administrasiyasının fəaliyyəti İrəvanın mövqeyinə dəstək şəklində qurulmuşdu. İndiki ABŞ Administrasiyası daha çox balanslaşmış yanaşma sərgiləyir. Bu da çox vacibdir. Azərbaycan Prezidenti də bu müsbət dinamikani xüsusi ilə qeyd edib. Ağ Evdən Prezident İlham Əliyevin bəyanatına verilən dəstək bu mənada olduqca önəmlidir. Bütün bunlar yeni ABŞ Administrasiyası ilə rəsmi Bakı arasında olan münasibətin açıq təzahürüdür. Sözsüz ki, bu cür təmaslar nəticəsində əldə olunan müsbət dinamika hansısa nəticələri əldə etmək üçün başlıca zəmin yaradır.
- Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ-nin rolu və maraqları nədən ibarət ola bilər? Söhbət Zəngəzur dəhlizinin Amerikanın nəzarətində və ya icarəsi əsasında 100 illik bir dönəm üçün fəaliyyətindən gedirsə, burada real hüquqi və diplomatik prinsiplər necə müəyyənləşəcək?
- Hazırda bu mövzuya aid danışıqlar davam edir. Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan da Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarəti ilə bağlı təkliflər irəli sürdüyünü açıqlamışdı. Azərbaycanın bu məsələdə münasibəti birmənalı deyil. Amma buna rəğmən bu mövzuya aid çox böyük nəticə əldə olunub. Artıq Azərbaycanın iki hissəsi arasında əlaqə mövzusu ölkəmizin geopolitik hədəfidir. Bu, həmçinin geopolitik ciddi oyunçuların mövzusu kimi beynəlxalq gündəmdə mövcuddur. Müxtəlif paytaxlarda bu məsələyə aid səslənən bəyanatlar da buna dəlalət edir. Vaşinqtondan başqa Avropanın bəzi paytaxlarından, Moskva və Tehrandan səslənən bəyanatlar onu göstərir ki, artıq beynəlxalq oyunçular bu mövzuya və Azərbaycanın tələbinə diqqət yetirirlər. Bunun müqabilində Azərbaycan üçün hansısa variant qəbul edilə bilər.