Özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova Fərizə Hacıyeva adlı şəxsə bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra onun bədəni çürüməyə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Bakı TV-yə Fərizə Hacıyeva özü deyib.
“Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda, yaxşı olacağını dedi”, – deyə şikayətçi söyləyib.
Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.
Daha sonra telekanalın əməkdaşı əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, ardınca isə müxbir olaraq xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb.
Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.
Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.
Nazirlikdən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.