Rusiya Dövlət Dumasında artıq uzun illərdir Həmvətənlərlə və MDB ölkələri ilə iş üzrə komitənin sədr müavini vəzifəsində çalışan bir şəxs var – Zatulin. O, fəaliyyətini o qədər “uğurla” həyata keçirib ki, artıq uzun müddətdir MDB-nin bir çox ölkələrinə, o cümlədən Ermənistana girişinə qadağa qoyulub.
1xeber.media xəbər verir ki, bunu Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan cəmiyyətində səs-küyə səbəb olan son açıqlamalarına münasibət bildirərkən deyib.
O bildirib ki, son zamanlar Zatulinin adı Rusiya mediasında Dövlət Dumasının vitse-spikeri Tolstoydan aldığı gurultulu şillə ilə bağlı xatırlanır:
"Tolstoy özü də Zatulin qədər radikal şovinistdir. Mediada diqqəti bu insidentdən yayındırmaq üçün Zatulin Qarabağda Ayvazovskiyə həsr olunmuş heykəlin sökülməsinə görə “kişiyə məxsus” bir neçə göz yaşı tökməkdən daha yaxşı bir üsul tapa bilmədi.
Ayvazovski – rus əsilli dəniz mənzərələri rəssaml – etnik mənşəyindən asılı olmayaraq Azərbaycanda tanınır və yüksək qiymətləndirilir. Lakin Bakı 2023-cü ildə ölkədən çıxarılan separatçılara və Rusiya Müdafiə Komitəsinin (RMK) özbaşına “bədii təşəbbüslərinə” güzəştə getmək niyyətində deyil.
Zatulin tərəfindən mediada təşkil olunan bu “yas mərasimi” ona Ermənistan hakimiyyətinin rəğbətini geri qazandırmayacaq. Azərbaycana gəldikdə isə, burada Zatulin postsovet məkanında separatizmin qızğın təbliğatçısı və himayədarı kimi yaxşı tanınır.
Əgər Zatulin indi abidələrin müdafiəçisi roluna giribsə, o zaman xatırlatmaq yerinə düşər: O, Qarabağı dəfələrlə qanunsuz şəkildə ziyarət edib, lakin Şuşada təhqir olunmuş Azərbaycan məscidlərini, dağıdılmış tarixi irsimizi, güllələnmiş Natəvan, Bülbül və digər görkəmli azərbaycanlı mədəniyyət xadimlərinin abidələrini görməzdən gəlib.
Ona görə də, Zatulin, Ayvazovskiyə sahiblənməyə çalışma – onun xatirəsi sizin “müdafiənizə” ehtiyac duymur".