İranda İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə təqsirləndirilən Ruzbeh Vadi adlı ölkə vətəndaşı edam edilib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Məlumata görə, R.Vadi hökumət təşkilatında işləyib və məxfi məlumatlarla yaxından tanış olub. İstintaq zamanı məlum olub ki, o, “Mossad” tərəfindən internet vasitəsilə əməkdaşlığa cəlb olunub. Əməkdaşlıq qarşılığında ona aylıq ödənişlər vəd edilib.
Həmçinin qeyd olunub ki, Vadi hər həftə işlədiyi təşkilat barədə məlumatları, eləcə də İsrailin İrana hücumu zamanı ölən nüvə alimlərindən birinin yeri barədə detalları “Mossad”a ötürüb.
Təqsirləndirilən şəxs əməlini etiraf edib.
Xatırladaq ki, iyunun 13-dən 24-nə qədər İsrail və İran qarşılıqlı olaraq bir-birilərinin ərazilərinə raket zərbələri endirib. İsrailin hücumları zamanı İranın bir neçə nüvə alimi və yüksəkvəzifəli hərbçiləri öldürülüb. İsrail Müdafiə ordusu bildirib ki, öldürülən alimlər İranın nüvə proqramı üzərində işləyib.