AF Otel Aqua Park Kompleksində istirahət edən bir vətəndaş sosial şəbəkələrdə məkandakı yemək və xidmət keyfiyyəti ilə bağlı ciddi narazılıq bildirib.
Onun sözlərinə görə, 3 nəfərlik nugget və 3 ədəd “Sprite” sifarişi verdikləri halda, göstərilən xidmət nə qiymətə, nə də keyfiyyətə uyğun olub.
Qeyd edilib ki, menyuda nugget porsiyasının qiyməti 9 manat, içkilərin də 3 manat olduğu halda ümumi hesab 46 manat təqdim olunub. Müştəri bununla bağlı aydınlıq istədikdə isə heç bir əsaslandırma verilməyib.
Ən böyük narazılıq isə təqdim edilən yeməklə bağlı olub. Belə ki, fri kartof bişməmiş, duzsuz vəziyyətdə, yanında heç bir sous təqdim olunmadan verilib. “Nugget”lərin isə mikrodalğalı sobada qızdırıldığı, içinin tam bişmədiyi və “rozovı” qaldığı iddia olunub. Müştəri duz və sous istədikdə isə yalnız digər müştərilər məkandan çıxandan sonra gətirilib.
Şikayətçi bu xidməti “ömrümdə gördüyüm ən iyrənc sifariş idi” sözləri ilə qiymətləndirib və rəsmi qurumları bu cür obyektlərdə gigiyena və keyfiyyət standartlarının yoxlanılmasına çağırıb.
32gun.az