ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.
Xatırladaq ki, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu bir dövrdə, ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə edərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanun qəbul etmişdi.
Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmişdi.
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandırması, hələ tam ləğvi mənasına gəlmir:
“ABŞ siyasi sistemi çox qəribə işləyir. Verilən qərarların ləğvi elə də asan olmur. Məsələn, ABŞ-ın 1974-cü ildə qəbul etdiyi “Jackson–Vanik düzəlişi” hələ də qüvvədədir. Halbuki bu düzəliş SSRİ kimi ölkələrə tətbiq olunurdu. Əsas məqsəd SSRİ-də yaşayan yəhudilərin və digər etnik qrupların ölkədən azad çıxış hüququnun məhdudlaşdırılmasına cavab olaraq SSRİ-yə ticarət güzəştlərinin verilməməsi idi. Bu gün nə belə bir problem, nə də SSRİ adlı dövlət var. Jackson da, Vanik də həyatda deyillər. Yəhudilər isə dünyanın istənilən ölkəsinə sərbəst səfər edə bilirlər. Lakin bu düzəliş hələ də ləğv edilməyib.
907-ci düzəlişin tam ləğvi zəruridir, çünki gələcəkdə, Trampdan sonra bu, yenidən tətbiq oluna bilər. Buna görə Tramp administrasiyası ilə danışıqlar aparmaq lazımdır. Yəni proses bundan sonra da davam etməlidir. Tramp 907-ci düzəlişi ləğv edə bilər. Administrasiyası Konqresə tam təzyiq etsə, bu məsələ gündəmə gələ və səsverməyə çıxarılar”.
Sabiq nazir qeyd edib ki, əslində, 907-ci düzəliş Azərbaycan üçün xüsusi bir problem yaratmadı. Əksinə, ABŞ üçün başağrısına çevrildi. Ona görə də bu düzəliş tam şəkildə ləğv edilməlidir:
“907-ci düzəlişi biz vaxtında çox “təmizlədik”. Sadəcə, orada hərbi məsələlər qalmışdı, qalan çox şey ləğv edilib.
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzanlasa da, böyük ehtimalla erməni diasporu və lobbisi 907-ci düzəlişin ləğvinə mane olmağa çalışacaqlar. Hətta Rusiya və İran lobbiləri də bu məsələdə aktivləşə bilər. Yəni ləğv məsələsində səylərimizi artırmalıyıq. Bu proses vaxt apara bilər”.