Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun müddətdir ki, medianın tənqid hədəfindədir. Onlayn göndəriş sistemi ilə bağlı yaranan texniki problemlər, üzvlərin sanatoriya və istirahət mərkəzlərinə göndərişlər zamanı qarşılaşdığı çətinliklər, eləcə də qurumun əməkdaşlarının əmək hüquqlarının pozulması ilə bağlı iddialar ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Mətbuatda və sosial şəbəkələrdə bu istiqamətdə davamlı şəkildə irəli sürülən ittihamlar fonunda Editor.az məsələ ilə bağlı rəsmi mövqe öyrənmək məqsədilə AHİK sədri Sahib Məmmədova sorğu ilə müraciət edib. Sorğuya cavab Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidmətindən daxil olub.
Aşağıda Editor.az əməkdaşının suallarını və AHİK-in rəsmi cavabını təqdim edirik.
Editor.az: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz üzvlərinə təqdim etdiyi onlayn yollayış sistemi effekt verdimi? Çünki sosial şəbəkə və mediada çoxsaylı insan bu sistem vasitəsilə qeydiyyata düşə bilmədiyini və düşdüyü əksər hallarda imtina cavabı aldığını, sistemdə bəzi məkanların, otellərin süni şəkildə dolu olduğunu qeyd edir.
AHİK: Əlbəttə, e-ahik.az Elektron Rezervasiya Sistemi vasitəsilə yollayışlarla bağlı müraciət şəffaflıq, əlçatanlıq və ədalət prinsipləri baxımından olduqca səmərəlidir. Telefon vasitəsilə 25 noyabr 2024-cü ildən 4 iyun 2025-ci il tarixinədək 34 mindən çox müraciət daxil olub və bu müraciətlər əsasında 26 mindən artıq şəxs yollayışla təmin edilib.
İstifadəyə verildiyi 2 ay ərzində e-ahik.az platforması üzərindən isə 160 minə qədər onlayn müraciət qeydə alınıb və onun artıq 145 minə qədəri cavablandırılıb. Sosial şəbəkələrdə və mediada qeydiyyatla bağlı səslənən bəzi narazılıqlara baxmayaraq, yuxarıda göstərilən rəqəmlər əvvəlki illərlə müqayisədə rekord göstəricilərdir. Həmkarlar ittifaqlarının tarixində ilk dəfədir ki, bu qədər çox müraciət qeydə alınır. Əvvəllər vətəndaşlara yalnız konkret tarix və məkana uyğun yollayış təklif edilirdisə, bu gün hər bir vətəndaş öz istədiyi sanatoriyanı, istirahət mərkəzini və tarixi sərbəst şəkildə seçmək imkanı əldə edib. Bu da, təbii ki, müraciətlərin sayında artım yaradıb. Eləcə də vətəndaşların çox hissəsi əvvəllər yollayışlarla bağlı, demək olar ki, məlumatsız idi. Bir qrup insan isə davamlı olaraq yollayışdan hər il istifadə edirdi. Bu da, sözsüz ki, ədalətli bölgü deyildi. Bu il isə mənzərə tam başqadır, ittifaq üzvlərinin çox hissəsi yollayışla istirahətə getmək imkanı qazanıb. Eləcə də bu il müraciət edib yollayış alan vətəndaşların bir hissəsi indiyədək bu imkandan yararlanmayan və ya üzün müddətdir yollayışdan istifadə etməyən şəxslərdir.
Yeni tətbiq edilən sistemin əsas üstünlüklərindən biri də məhz bu inklüzivlik və ədalətli əlçatanlıqdır. Nəzərinizə çatdıraq ki, bütün sanatoriya və istirahət mərkəzləri hazırda yüksək doluluq səviyyəsində fəaliyyət göstərir. Bu da yollayışla istirahət edən şəxslərin sayında əhəmiyyətli dərəcədə artımın olduğunun göstəricisidir. Qeyd edək ki, ötən ilin ilk 7 ayı ərzində 21989 şəxs yollayış almışdısa, bu il yollayış alanların sayı 32 mini ötüb.
Sistemdə bəzi sanatoriya və istirahət mərkəzlərinin guya süni şəkildə dolu göstərilməsi ilə bağlı səsləndirilən iddialar da əsassızdır. Artıq bütün sanatoriya və istirahət mərkəzləri real vaxt rejimində işləyən inteqrasiya olunmuş qeydiyyat təqviminə qoşulub. Özəl istirahət mərkəzləri və sanatoriyalar gündəlik əsasda dolu və boş otaqların vəziyyətini özləri yeniləyir və vətəndaş yalnız real vaxtda onların yenilədiyi mövcud olan boş yerləri görə bilir. Əgər sistemdə müəyyən tarixlər üzrə yer görünmürsə, bu o deməkdir ki, həmin tarixlər üçün bütün otaqlar artıq yollayış əsasında rezervasiya edilib.
Bəzən istifadəçilər müəyyən sanatoriya və istirahət mərkəzlərində otaqların olmasına baxmayaraq, sistemdə görünmədiyini qeyd edirlər. Bu da bütün otaqların deyil, yalnız müəyyən sayda otağın “Kurort” Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təqdim edilməsi ilə bağlıdır. Yəni istirahət mərkəzi istifadə olunan bütün otaqlarını “Kurort” Turizm İnformasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində ayırmır. Belə ki, bir hissəsini öz daxili qərarları ilə yerində satış üçün nəzərdə tutur. Odur ki, nəticədə boş otaqlar olsa da, bu yerlər sistem üzərindən təqdim edilmədiyi üçün görünməyə bilər.
Editor.az: Mediada yayılan məlumatlara görə, AHİK-də əməkdaşların əmək hüquqlarının pozulduğu iddia olunur. Məlumatlara görə, işçilər həftəsonları, gün içi isə axşam saat 8-9 a qədər işləməyə məcbur edilir.
AHİK: Bildiririk ki, sorğunuzda qeyd olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında əməkdaşların qanunvericilikdə nəzərdə tutulan iş saatından artıq fəaliyyətə cəlb edilməsi barədə məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Nəzərinizə çatdırırıq ki, AHİK-də əməkdaşların iş saatı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və həmin Məcəlləyə uyğun olaraq, əməkdaşlarla bağlanan əmək müqaviləsi ilə tənzimlənir. Belə ki, AHİK-də gündəlik iş vaxtı 8 saat olmaqla, həftəlik 40 saat təşkil edir. İş günü saat 09:00-da başlayır və saat 18:00-da başa çatır. Saat 13:00-dan 14:00-dək isə nahar fasiləsidir. Şənbə və bazar günləri, habelə səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü AHİK-də qeyri-iş günləridir.