Azərbaycanda ilk dəfə sentyabrın 1 və 2-si BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı - "LCOY Azerbaijan 2025" keçiriləcək.
1xeber.media xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-da keçirilən konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, konfrans 150-dən çox iqlim liderini, dövlət qurumlarının nümayəndələrini, beynəlxalq təşkilatları və ölkənin aparıcı ekspertlərini bir araya gətirəcək:
"Konfransın ilk günündə gənclər qlobal iqlim hərəkatında iştirak imkanlarını müzakirə edəcəklər. İkinci gündə isə Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanaməsi qəbul ediləcək. Konfransın rəsmi bağlanış mərasimi ilə "Sea Breeze Resort"da olacaq".
Rektor bildirib ki, konfransın yekun mərasimdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin VII çağırış deputatı və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, həmçinin Azərbaycan Su ehtiyatlarından istifadə və mühafizə üzrə Dövlət Xidmətinin rəhbəri Rafiq Aslanov iştirakçılarla görüşəcəklər:
"Konfransın mövzusu geniş istiqamətləri əhatə edərək, iştirakçıların iqlim liderliyi və ictimai iştirak, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, ekoinnovasiyalar və dövri iqtisadiyyat, biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpası, dayanıqlı infrastruktur və su təhlükəsizliyi, gənclərin siyasətdə rolu və qərar qəbuletmə proseslərində iştirakı mövzularında həm nəzəri, həm də praktik biliklərini artırmasında böyük rol oynayacaq".
Onu da vurğulayıb ki, bu müzakirələr yalnız milli səviyyədə inkişafı təşviq etməyəcək, həm də Azərbaycanın gənc nəslinin səsini qlobal miqyasda daha güclü şəkildə çatdırmasına xidmət edəcək.