1xeber.media xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyası ölkədə böyük siyasi təlatüm yaratmağa hazırlaşır. Partiyanın üzvü Ana Tsitlidze açıq bəyanatla çıxış edərək bildirib:
“4 oktyabrda bizim tam konstitusion hüququmuz var ki, bu rus rejimini, hansı ki, bütün konstitusion çərçivələrdən çıxıb, sülh yolu ilə devirək. Məhz ‘qızılgül inqilabı’nda olduğu kimi — sülh yolu ilə, xalqın birliyi və mübarizəsi ilə”.
Xatırladaq ki, 2003-cü ilin noyabrında Gürcüstanda “qızılgül inqilabı” baş vermişdi. 23 noyabrda müxalifətin kütləvi aksiyaları nəticəsində o vaxtkı prezident Eduard Şevardnadze istefa verməyə məcbur olmuşdu. Bu prosesin önündə Mixeil Saakaşvili, Zurab Jvaniya və Nino Burcanadze dayanırdı. Qısa müddət sonra Saakaşvili prezident seçilərək hakimiyyətə gəlmişdi.
Mixeil Saakaşvili isə bu gün tamamilə başqa bir reallıqla üz-üzədir. O, 2021-ci il oktyabrın 1-də gizli şəkildə Ukraynadan Gürcüstana qayıtdıqdan dərhal sonra həbs olunub. Gürcüstan məhkəməsi onu səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə məhkum edib. Hazırda o, Tbilisidə yerləşən həbsxanada saxlanılır və səhhətinin ağır olması ilə bağlı beynəlxalq təşkilatlar dəfələrlə Gürcüstan hakimiyyətinə müraciət ediblər.
İndi isə onun tərəfdarları 2003-cü ilin inqilabını təkrarlamaq çağırışları ilə çıxış edir. Müxalifət hakim “Gürcü Arzusu”nu Moskvanın təsiri altında olan “rus rejimi” adlandırır və xalqı sülh yolu ilə dəyişiklik etməyə səsləyir.
Müşahidəçilər bildirirlər ki, oktyabrda gözlənilən aksiyalar Gürcüstan siyasətində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.