1xeber.media xəbər verir ki,Sima Babayeva adlı Facebook istifadəçisi öz səhifəsində Şəhid analarını aldadıb Bakıya gətirtdiyi iddia olunan QHT barədə məlumat paylaşıb.
Məlumatı olduğu kimi təqdim edirik:
Bakı Dəmiryol Vağzalına getmişdim. Axşam saatları idi. İki ağbirçək qadın diqqətimi çəkdi. Gördüm nabələd adamlara oxşayırlar
. Yaxınlaşıb salam verdim, narahatlıqlarının səbəbini soruşdum. Yaxalarında hərbçi şəkilləri var idi. Məlum oldu ki, bu qadınlardan biri Balakəndən (Köklərova Xalisə), biri də Zaqataladan (Xanməmmədova Gülnar) gəlib. Şəhid analarıdılar.
Oğulları - Xanməmmədov Hüseyn Mais oğlu və Köklərov Sərxan Eyvaz oğlu 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş Antiterror Əməliyyatı zamanı qəhrəmancasına həlak olublar.
Şəhid analarının dediklərinə görə onları tədbir adı ilə Bakıya çağırıblar. Onlar da oğullarının xatirəsinə görə gəliblər. Dəvət edən təşkilat Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyidir. Bu təşkilatdan bildiriblər ki, "Yaşat" Fondunun da qatıldığı bir mərasim keçiriləcək, şəhid ailələri də çağırılır. Yəni QHT Agentliyindən zəng vurub "Yaşat" Fondunun adından tədbirə çağırıblar.
Biçarə qadınlar rayondan durub gəliblər. Gələndə tamam başqa mənzərə ilə qarşılaşıblar. "Yaşat" Fondundan əsər-əlamət belə olmayıb. Dəmiryol Vağzalına gəliblər ki, evə dönsünlər. Lakin bilet tapa bilməyiblər.
Qadınlar köməksiz vəziyyətdə qalmışdılar. Onları evimə dəvət etdim, qonağım olmaqlarını təklif etdim. Təşəkkür edib rayona dönməli olduqlarını dedilər. Rayonlara gedib-gələn taksilərlə danışıb birtəhər yola düşdülər.
Elə yanlarında "Yaşat" Fondu ilə əlaqə saxladım. Oradan bildirdilər ki, bu günlərdə QHT Agentliyi ilə bu fondun heç bir tədbiri olmayıb. İnformasiya yanlışdır. Deməli QHT Agentliyi bu iki qadını yayın istisində Bakıya gətirdib. Heç bir təminatsız.
Necə gəldikləri ilə maraqlanmadıqları kimi, necə gedəcəkləri ilə də maraqlanmayıb. Bu necə təşkilatçılıqdır?
Dəvət etdikləriniz şəhid analarıdır. Çağıranda onların necə gəlib-gedəcəkləri sizi heç narahat etmədi?
SADƏCƏ AYIB OLSUN.
Söhbət vaxtı Gülnar xanım bir əhvalat danışdı. Məlum oldu ki oğlu şəhid olanda onun yas məclisləri zamanı Zaqatalanın icra, bələdiyyə nümayəndələri canfəşanlıq ediblər.
Lakin mərasimlər bitəndən sonra həmin məmurlar yəni icra nümayəndəsi Cumayev Taccəddin və bələdiyyə sədri Yusifov Abulrəhman şəhid ailəsindən yasa sərf olunan vəsaiti geri istəyiblər.
Bunu eşidəndə inanmağım gəlmədi. Amma belə olub.
Zaqatala İcra Hakimiyyəti, Zaqatalanın müvafiq bələdiyyəsi bu barədə açıqlama verə bilərmi?