Yazmaya bilmədim. Süni intellektin köməyi ilə körpə görünüşlü video obrazlar yaradıb, onların dilində uşaq tərzinə yaraşmayan, söyüş dolu ifadələrlə diqqət cəlb etmək ikrah doğurur. Cəmiyyətin mədəniyyət damarına toxunmaq olmaz, adamı sabahın işığını yandıran elektrik cərəyanı külə döndərər.
Mağara düçüncəsindən doğan xeyli naqisliklər var. Jurnalist Ekspert Mərkəzi olaraq yanlış qənaət və düşüncənin cəmiyyəti xəstələndirdiyini görməzdən gələ bilmərik. Xaos onda yaranır ki, hər kəs özünü professor bilir. Özünü tanıyan Allahını tanıyar. Həqiqət əlbəttə mütləq deyilməlidir. Sadəcə onun ifadə tərzi pıçıltıdır. Pafos və populizm həqiqətə düşməndir.
Yüksək səviyyəli bir həkim dostumuz var. Olduqca mədəni ailəni müayinə edən zaman onların bir uşaqla kifayətlənmələrinin yanlış olduğunu söyləyib. Fikrini cəmiyyətdə kübar, alicənab, savadlı, elmli adamlara ehtiyacın olması ilə əsaslandırıb. Deyib ki, sizin ailədə böyüyən uşaq məhz bu kriteriyalara cavab verəcək.
Özündən daha çox cəmiyyəti düşünən, dünyaya uşaqların gəlməsinə çalışan bir həkimin ölkə sevgisi qarşısında fərəqətdə durmaq adekvat olar.
"Hələ də uşaqlar doğulursa bu dünyanı xilas etmək olar" - Taqor.
TikTok-da yaratdığımız uşaqlar o mələk həkimin, o dahi şair Taqorun nəzərdə tutduğu uşaqların çirkin imitasiyasıdır. O çirkləndirilmiş uşaq obrazlarını yaradan "düşüncə" bayquş səsini bülbül cəhcəhinə böyük həvəslə dəyişər, elə dəyişir də.
Uşaq sabahdır. Sabah heç kimin deyil, yalnız və yalnız dövlətindir, cəmiyyətindir.
Ceyhun Musaoğlu