Əhalinin təbii artımı ilə bağlı statistika açıqlanıb. Statistikada son 7 tədris ilində I sinfə gedən uşaqların sayında azalma aydın şəkildə görünür.
2019-2020-ci tədris ilində 159 min 644 uşaq birinci sinfə gedib;
2020-2021-ci tədris ilində 165 min 511 uşaq birinci sinfə gedib;
2021-2022-ci tədris ilində 153 min 312 uşaq birinci sinfə gedib;
2022-2023-cü tədris ilində 151 min 560 uşaq birinci sinfə gedib;
2023-2024-cü tədris ilində 137 min 862 uşaq birinci sinfə gedib;
2024-2025-ci tədris ili üzrə bu rəqəm 132 min 261 olub.
2025-2026-cı tədris ili üzrə isə I sinfə 130 min uşaq gedib.
Mütəxəssislər bunun səbəbini boşanmalar, qız uşağı istəməmək, oğlan uşağı istəmək və sosial problemlərin çoxluğu ilə əlaqələndirir. Bütün bu istəklər ölkənin demoqrafik vəziyyətinə təsir edir.
Bəs, çıxış yolu nədir?
Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov Qaynarinfo-ya açıqlamasında azalmanın sürətlə getdiyini bildirib:

"Doğum sayı da xeyli aşağı düşüb. 3-4 ildən sonra uşaq sayı daha da az olacaq. Məsələn, 2-3 ildən sonra uşaq sayı 100 minə düşəcək. Bu, ümumi qlobal problemdir".
Şöbə müdiri qlobal problemin pandemiyadan sonra baş verdiyini xatırladıb:
"2020-2022-ci illərdə doğum sayı azaldı. Ondan sonrakı illərdə doğum sayının azalması problem olaraq qaldı. Azalmanın səbəbləri var. Onlardan biri abortdur. Azərbaycan dünyada abort sayına görə birinci yerdədir. Belə olan halda doğum sayı da aşağı düşəcək. Azərbaycanda rəsmi 70-80 min arasında abort sayı var, qeyri-rəsmi güman ki, 100 mini keçir. Bu da o deməkdir ki, doğumdan daha artıq sayda uşaq dünyaya gəlməmiş onu öldürürlər".
Etibar Bədəlov bunu sosial problemlərlə əlaqələndirib:
"Müasir dövrdə gənclər ailəyə tamam başqa cür baxır. Keçmişdə adət-ənənələr buna imkan vermirdi. İndi həmin adət-ənənələrədə baxan yoxdur. Bu işdə dövlətin fəaliyyəti və siyasəti olmalıdır. Dövlət sonuncu demoqrafik siyasəti 2004-cü ildə yürüdüb. Ondan üzü bu yana heç bir demoqrafik siyasət yürüdülməyib. Gənc ailələrə sosialyönlü dəstək verilməlidir. Tək Azərbaycan deyil, bütün ölkələrdə bu proses gedir. Azərbaycanda demoqrafiya ümumiyyətlə, yaddan çıxıb".