Bu gün Pərviz Həşimlinin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzi tərəfindən şərlənərək həbs edilməsindən 12 il keçir. O zaman yalnız o deyil, həm də Azərbaycan vətəndaşı Təvəkkül Qurbanov da tutulmuşdu. Əslində, ilk gündən bəlli idi ki, Qurbanov sadəcə qurban seçilib, onu ələ alaraq Həşimlinin üzünə saxlayıblar. Qurbanov deyirdi ki, guya iranlı Əli və Həsəndən 5 tapança alıb Pərviz Həşimliyə ötürmək istəyib və həmin vaxt MTN-çilər onları yaxalayıblar.
1xeber.media xəbər verir ki, iki ildən sonra üzə çıxdı ki, Təvəkkül Qurbanovun həyat yoldaşı MTN-nin Gəncə şöbəsinin əməkdaşı Elşən Məmmədova məxsus restoranda mühasib işləyirmiş. Elə həmin əlaqədən istifadə edərək Qurbanovu şantaj və təzyiqlərlə “ələ alıb”, Pərviz Həşimlinin əleyhinə ifadə verdiriblər.
Bu qondarma işin başında duranlar MTN Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyev və onun müavini İlqar Əliyev idi. Onların əsas dayağı isə nazir Eldar Mahmudovun siyasi çətiri və məhkəmə-hüquq sistemindəki əlaqələr idi.
Həşimlinin həbsindən cəmi iki il sonra MTN-də böyük əməliyyat keçirildi. Eldar Mahmudov vəzifədən kənarlaşdırıldı, illərlə dövlətin adına ləkə gətirən mütəşəkkil cinayətkar dəstəsi ifşa olundu. Onlarla bərabər Həşimliyə qarşı cinayət törədən Elçin Quliyev və İlqar Əliyev də həbs edildi. Lakin İlqar Əliyev az sonra Bakı İstintaq Təcridxanasındakı kamerasında asılı vəziyyətdə ölü tapıldı. Onun döyülərək öldürüldüyü, daha sonra isə intihar görüntüsü yaradıldığı haqda xəbərlər bu gün də təkzib olunmayıb. Elçin Quliyev isə məhkəmə qarşısına çıxarıldı və 10 il 6 ay azadlıqdan məhrum edildi.
“Məni ən dözülməz şəraitə atacaqlarını deyirdilər”
Pərviz Həşimli azadlığa çıxdıqdan sonra müsahibələrində belə deyirdi:
“Elçin Quliyev və İlqar Əliyev mənə həm fiziki, həm də psixoloji işgəncə verirdilər. Masanın üstünə Cinayət Məcəlləsi ilə pul qoyub deyirdilər ki, ikisindən birini seç. Mən razılaşmadım. Deyirdilər ki, səni ən dözülməz şəraiti olan həbsxanaya göndərəcəyik. Qaradağın istisində, daş karxanalarının tozunda məhv olacaqsan. Mənə verilən 8 illik cəzadan daha ağır olan məhz MTN-də keçirdiyim 8 ay idi. Ailəmin də həyatını cəhənnəmə çevirdilər, atamı işdən qovdular, qardaşımın obyektini yerlə-yeksan etdilər, yoldaşım isə hamilə halda basqın nəticəsində uşağını itirdi...”
Hazırda Elçin Quliyev 9 saylı Cəzaçəkmə Müəssisəsində cəzasının 10 ilini tamamlamaq üzrədir. General rütbəsi əlindən alınıb, indi sadəcə bir məhkumdur. Cəzasının bitməsinə isə 9 ay qalıb. İllərlə Eldar Mahmudovun gücünə arxalanan Quliyev bu gün onun adı gələndə lənətlər yağdırır. Ətrafdakılara etiraf edir ki, şərlədiyi insanlardan, xüsusilə də Pərviz Həşimlidən, Mətləb Mustafayevdən üzr diləyir. Uşaqlarının çəkdiyi əziyyətlərdən, Mahmudovun milyardlara sahib olmasına rəğmən heç bir dəstək göstərməməsindən danışaraq peşmançılıq içində günlərini keçirir.
Ötən il Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək üçün məhkəməyə müraciət etsə də, onun cinayətlərinin ağırlığı nəzərə alınaraq bu istəyinə rədd cavabı verildi. Apellyasiya instansiyası da qərarı qüvvədə saxladı.
Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş Elçin Quliyev 2015-ci ilin dekabrında həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib, 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Musavat.com