Yarışlarda ilk rəqibim Tacikistan boksçusunu məğlub etdim, növbəti mərhələdə isə özbək idmançını nokdaunla üstələdim və finalda Rusiya təmsilçisinə qalib gələrək turnirin qalibi oldum.
Bu sözləri 1xeber.media -a açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Gülər Hüseynova deyib.
“Yarışlar Azərbaycanda keçirildiyinə görə qarşıma məqsəd qoymuşdum ki, mütləq çempion olmalıyam. Rəqibim kim olur-olsun, qalib gəlməli idim. Döyüş çətin keçdi, çünki rəqibim güclü idi. Amma mən özümə inanırdım və daha güclü olduğumu sübut etdim”, – deyə gənc boksçu vurğulayıb.
Gülər Hüseynova əlavə edib ki, 15 yaşında MDB Oyunlarının çempionu olaraq tarixə düşdüyü üçün böyük qürur hissi keçirir: “Özümlə fəxr edirəm. Üzərimizdə əməyi olan məşqçilər heyətinə təşəkkür edirəm”.