Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
1xeber.media xəbər verir ki, Memorandum Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Asılbek Özübekov tərəfindən imzalanıb.
BU münasibətlə keçirilən tədbirdə çıxış edən Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru Asılbek Özübekov qeyd edib ki, iki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.
Memorandum Qırğızıstanın Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.
"Teatrlarımız arasında imzalanmış bu memorandum çərçivəsində həyata keçirilən tədbirlər hər iki ölkənin teatr həyatında canlanma yaradacaq, Azərbaycan və Qırğızıstan arasında mədəni və dostluq əlaqələrinin inkişafına dəyərli töhfələr verəcək", - deyə Asılbek Özübekov əlavə edib.