Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə lideri özünün sosial şəbəkə hesabında paylaşım edib.
Ərdoğan Zirvədə qəbul olunan Qəbələ Bəyannaməsinin türk dünyası və dost ölkələr üçün xeyirli olmasını arzulayıb. O, "dildə, fikirdə, işdə birlik" prinsipinə əsaslanan TDT-nin qısa müddətdə mühüm uğurlar qazandığını vurğulayıb.
Türkiyə lideri Zirvənin regional sülh və təhlükəsizlik mövzusunun aktuallığını qeyd edərək, təşkilatın regional sabitlik və əməkdaşlığın gücləndirilməsində önəmli rol oynadığını bildirib.
Ərdoğan Azərbaycan və Ermənistan liderləri arasında 8 avqustda imzalanan ortaq bəyanatı müsbət addım kimi qiymətləndirib, həmçinin Xəzərdən keçən Orta Dəhlizin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.