Oktyabrın 10-da Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi baş tutub. Bu mərhələdə hər iki kəndə ümumilikdə 43 ailə qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Xocalının Təzəbinə kəndinə 126 nəfərdən ibarət 28 ailə, Ballıca kəndinə isə 15 ailə - yəni 53 nəfər köçürülüb. Hər iki kənddə sakinlərə mənzillərin açarları təqdim olunub.
1xeber.media xəbər verir ki, tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib və bildirib ki, burda sakinlərin məşğulluğu məsələsinə xüsusi diqqət yetirilir, onlar dövlət və özəl sektorda işlə təmin olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün zəruri şərait yaradılır. Qeyd edək ki, bundan əvvəlki köç mərhələlərində Ballıca kəndinə 912 nəfərdən ibarət 200 ailə, Təzəbinə kəndinə isə 28 ailə - yəni 125 nəfər köçürülüb. Hazırda hər iki kənddə sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılıb, zəruri infrastruktur və kommunal xidmətlər tam təmin edilib.