Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtoneni qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir ATƏT ilə səmərəli əməkdaşlığın vacibliyini vurğulayaraq, ötən illər ərzində fəal dialoqun qurulduğunu qeyd edib. Paşinyan təşkilatın məsuliyyət zonasında təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün ATƏT-in rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.
Elina Valtonen Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə təbriklərini çatdırıb, bunun Ermənistanın sabit gələcəyinin qurulmasına və regionda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, demarkasiya prosesinin davam etdirilməsi, regional proseslərlə bağlı məsələlərə toxunublar.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri təxirə salınmışdı.