Prezident İlham Əliyev bu gün Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.
1xeber.media xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirib.
Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub.
Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş edib.
Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunuldu, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olundu. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulanıb.
Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olunub.
***
Prezident İlham Əliyev bu gün Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini də qəbul edib.
Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxunub.
O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxunub, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd edib.
Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulanıb, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edilib, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.
Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmi qeyd edilib.
Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.