Xaçmaz rayonunun Nağıoba və Kiçik Baraxum kəndləri ərazisindəki meşə massivinə irəlilədikcə palıd və ağcaqayın cinsindən olan, bəzən bir-bir, bəzən də iki-iki kəsilmiş ağacların olduğunu müşahidə etdik. Mütəxəssis olmasaq da, kötüklərin görünüşünə əsasən ağacların sağlam olduğu qənaətinə gəldik.
Müşahidələrimiz nəticəsində 10-dan artıq ağacın kəsildiyinin şahidi olduq. Yerli sakinlər isə kamera qarşısında danışmaqdan çəkinmələrinə baxmayaraq, meşələrdə hər il kəsimlərin baş verdiyini təsdiqlədilər.
Bu fakt bizə bir gerçəyi də xatırlatdı: kəndlərin qazlaşmaması problemini...
Qeyd edək ki, Nağıoba kəndinə ötən ilin noyabrında qaz verilsə də, evlərin kupça sənədləri qaydasında olmadığından yalnız 7-8 evdə qazdan istifadə edilir. Qonşu Kiçik Baraxum, Sibiroba və Hacı Abrahmanoba kəndlərində isə ümumiyyətlə mavi yanacaq yoxdur.
1xeber.media xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağackəsilmə faktı üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır. Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.
Ətraflı videosüjetdə: