"MTN işi" üzrə zərərçəkən Əfsəl Həsənəliyev keçmiş MTN generalı Mövlam Şıxəliyevin cəzaçəkmə müəssisəsində xüsusi imtiyazlarla yaşadığını iddia edir.
“Mövlam Şıxəliyev 15 il öncə bizi şərləyib həbsə göndərdiyi günlərdə də kef içində yaşayırdı. Bu gün də "içəridə" həmin kefdədir. Mən 75 yaşına çatmışam, hələ də bir gün görmədim. Məndən aldıqları pulu hələ də qaytarmayıb. Bu yaşımda kirayələrdə yaşayıram. Mövlam Şıxəliyev isə 9 saylı Cəzaçəkmə Müəssisəsində ayrıca kotecdə yaşayır, hələ qulluqçusu da var. Eldar Mahmudovun əli ona türmədə də çatır”, – bu fikirlər “MTN işi” üzrə zərərçəkmiş Əfsəl Həsənəliyevin ölkə rəhbərliyinə ünvanladığı məktubda yer alıb.
Onun sözlərinə görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev 9 saylı Cəzaçəkmə Müəssisəsində komfort içində həyat sürür. Mövlam Şıxəliyevə müəssisədə xüsusi şərait yaradılıb:
“Mövlam Şıxəliyev hər ay orada 20 min manat xərcləyir. Müəssisə rəhbərliyi tərəfindən ona və dəstə üzvlərinə xüsusi komfort şəraiti yaradılıb. Onlar ayrıca kotecdə yaşayır, istədikləri vaxt istədikləri şəxslərlə əlaqə saxlayır, telefonla limitsiz danışır, qeyri-rəsmi görüşlər keçirirlər. Cəzaçəkmə müəssisəsini öz rahat həyatlarına uyğunlaşdırıblar".
Zərərçəkmişin sözlərinə görə, “MTN işi”ndə onlara qarşı ən ağır cinayətləri törətmiş şəxslər bu gün də rahat şəraitdə yaşayırlar:
"Ədalət yalnız hökm oxunmaqla bitmir. Bu adamlar Eldar Mahmudovun dəstəsinin üzvləridir deyə imtiyazlı məhkumlar kimi yaşamalı, kef çəkməlidirlər, biz də zülm-zillət içində yaşamalıyıq? Mövlam Şıxəliyev ümumi barakda qara dustaqlarla yaşasaydı, mənə və digər zərərçəkmiş şəxslərə vurulmuş ziyanı çoxdan ödəmişdi. İndi ki, rahat həyatlarını yaşayırlar, bizə vurulmuş ziyan ödəmək yadlarına belə düşmür".
Xatırladaq ki, Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1 və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib.
musavat.com