“Encom Construction” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bank hesablarına məhkəmə qərarı ilə sərəncam qoyulub. Şirkət bir neçə quruma qarşı öhdəliklərini yerinə yetirə bilmədiyi üçün külli miqdarda borclanıb.
1xeber.media xəbər verir ki, qanuni təmsilçisi Akif Adil oğlu Əsədov olan QSC-nin hazırda 916 min manat vergi borcu var. Ötən il bu məbləğ 1,7 milyon manat təşkil edib. Şirkət bir hissəsini ödəsə də, bank hesablarına məhkəmə qərarı ilə sərəncam qoyulub.
“Encom Construction” tikinti sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biridir. QSC inzibati binaların, betonolit və metal konstruksiyaların, mikrotunel və mühəndis-kommunikasiya şəbəkələrinin tikintisi üzrə ixtisaslaşıb. Bakı və ətraf ərazilərdə yerləşən üç istehsalat bazası, iki asfalt istehsalı zavodu və bir beton zavodu şirkətin balansındadır.
Son olaraq QSC-nin əleyhinə daha bir məhkəmə qərarı çıxarılıb. Belə ki, “Encom Construction” yerli şirkətlərdən birindən aldığı 50 min manat dəyərində yanacağın haqqını ödəməyib. Müqavilə öhdəliklərinin pozulması ilə bağlı məhkəməyə müraciət olunub.
Məhkəmə iclasında QSC-nin nümayəndəsi bildirib ki, ödənişlərin gecikməsi bank hesablarına tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Lakin Bakı Kommersiya Məhkəməsi iddianı əsaslı sayaraq “Encom Construction” QSC-dən 50 min manat borcun tutulması barədə qətnamə qəbul edib. Şirkətin apellyasiya şikayəti də təmin edilməyib.

















