1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qalacağı Malayziyadakı “Ritz Carlton Kuala Lumpur” otelinin mühafizəsi üçün silahlı polis və zirehli maşınlar yerləşdirilib və ətraf yollar bağlanıb.
ABŞ prezidenti Donald Tramp oktyabrın 26-da işgüzar səfərlə Malayziyaya gələcək. O, oktyabrın 26-dan 28-dək Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində iştirak edəcək. Səfərin gündəliyinə Tailand və Kamboca arasında sazişin imzalanması prosesinin müşahidəsi, Malayziyanın baş naziri Ənvər İbrahimlə danışıqları və ticarət sazişinin bağlanması daxildir.
ASEAN sammiti oktyabrın 23-də başlayıb və əsas proqram oktyabrın 26-dan 28-dək davam edəcək. Tədbirlərdə regional dövlətlərin liderləri və dəvət olunmuş qonaqlar iştirak edirlər.
Tramp Asiya turu çərçivəsində Yaponiya və Cənubi Koreyaya da səfər etməyi planlaşdırır, burada Yaponiyanın baş naziri və regional liderlərlə görüşəcək. O, oktyabrın 30-da Çin prezidenti Si Cinpinlə də danışıqlar aparacaq.
Bu, Trampın 2025-ci ilin yanvarında ABŞ-ın 47-ci prezidenti kimi vəzifəyə başladıqdan sonra Cənub-Şərqi Asiyaya ilk səfəri olacaq.
















