"Adım heç bir yerdə ola bilməz. Özlərindən uydururlar, yalan danışırlar. Ramiz Mehdiyevlə bağlı əvvəldən heç vaxt əlaqəm olmayıb, bu sahədə heç bir söz də ola bilməz".
1xeber.media pravada.az-a istinadla xəbər verir ki, bunu sabiq Baş nazir Novruz Məmmədov bildirib.
O əlavə edib: "Kim nə uydurub danışır, bunu bilmirəm. Bir dəfə onun haqqında soruşdular, dedim ki, əşi, Ramiz Mehdiyev belə olub, belə olub, mənim ona dəxlim yoxdur, qurtardı getdi. Yalan şeylərdir. Mənim adımı ora-bura salmasınlar. Ramiz Mehdiyevin adamları haqqında ciddi məlumatlar var, adım onların arasında ola bilməz. Ciddi orqanlar araşdırmalar aparırlar”.
Xatırladaq ki, Novruz Məmmədov köhnə müsahibələrinin birində deyib: “Ramiz Mehdiyev müasir Azərbaycan tarixinin böyük bir hissəsi və səlnaməsidir”.
O bu fikrin yenidən gündəmə gəlməsi barədə suala belə cavab verib:
“Artıq-artıq danışırlar. Bununla bağlı nə deməliyəm? Heç bir sözüm-söhbətim də yoxdur. Bilirsiniz ki, onunla əlaqədar yoxlamalar aparılır, onun işləri haqqında mövqe var. Təqaüddə olan adamam, nə işə qarışmalıyam? Ramiz Mehdiyevlə birlikdə işləməmişəm, o ayrı, mən ayrı. Mənlik heç nə yoxdur. Kimlərsə belə-belə söz-söhbət yayır, maraqlı danışmaq istəyirlər. Boşboğaz adamlar çıxıb. Nə üçün bu işləri görürlər, nə maraqla, bilmirəm. Ramiz Mehdiyev barədə heç bir sözüm yoxdur”.
















