Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə 2025-ci il Atatürk Beynəlxalq Sülh Mükafatını vermək niyyətindədir.
1xeber.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 29-da Ankarada Respublika Günü münasibətilə çıxışı zamanı deyib.
"Biz Atatürk adına Beynəlxalq Sülh Mükafatımızı BMT-nin Baş katibi Antonio Quterreşə təqdim edəcəyik. Mən ona bütün dünyada sülh və sabitliyin bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkürümü bildirirəm", - "Haberler" dövlət başçısının sözlərindən sitat gətirib.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk Beynəlxalq Sülh Mükafatı dövlətin rəsmi mükafatıdır. Atatürkün “Yurtta sülh, dünyada sülh” prinsipinə uyğun olaraq, ayrı-ayrı şəxslərə sülhə, millətlərarası dostluğa, xoş niyyətə xidmətlərinə görə təqdim edilir.
















