Balakən və Qaradağda aparılan əməliyyatlardan sonra yerli idarəetmə orqanlarının fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib. Cəmiyyətdə bu sistemin səmərəliliyi və idarəetmədə rolu barədə suallar artır. Ekspertlər hesab edirlər ki, mövcud model ya ləğv edilməli, ya da köklü şəkildə yenilənməlidir.
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz xatırladıb ki, ötən 5-6 il ərzində 10-dan çox icra hakimiyyətində korrupsiya, rüşvətxorluq faktı aşkarlanıb və yüksək vəzifəli rəsmilər həbs olunublar:
“Azərbaycanda rayonların hər birinin icra başçıları, müavinləri, xeyli sayda şöbə müdirləri, işçiləri, polis və digər çox sayda dövlət idarələri var. Bu qədər böyük məmur ordusu istər-istəməz həm bürokratik tıxanmalar yaradır, həm də dövlət büdcəsində ağır yükə çevrilir. Ərazisinə görə ölkəmizdən təxminən 9 dəfə böyük olan Türkiyədə cəmi 81 vilayət mövcuddur. Düşünürəm ki, hakimiyyətin Ramiz Mehdiyevdən sonrakı dövrdə aparacağı mühüm islahatlardan biri bəzi rayonların birləşdirilməsi ola bilər”.
Siyasi şərhçi bildirib ki, 2021-ci ildə imzalanan “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmana əsasən ərazilərimiz 14 iqtisadi rayona ayrılır:
“Rayonların bu təsnifata uyğun yenidən qurulması ölkəmizi ağır inzibatçı bürokratiyadan xilas edər, bölgələrin inkişafına ayrılan vəsaitlər sadə vətəndaşlara daha rahat çatar. Nəticədə bir çox problemlər öz həllini tapar. Paralel olaraq, qeyd etmək lazımdır ki, əksər icra başçıları və yerli dövlət orqanları Ramiz Mehdiyevin komandasına, yəni “5-ci kolon”a bağlıdır. Zənnimcə, risklərdən yayınmaq üçün başlayacağımız islahatlarda icra hakimiyyətlərinin ləğvi xüsusi yer tutmalıdır”.

















