Ukrayna prezidenti Vladimir Zelenski Litva lideri Gitanas Nauseda ilə telefonla danışıb.
1xeber.media xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.
"İndi, qışın başlamazdan əvvəl, enerji dəstəyinə ehtiyacımız olanda, Litva bir daha bizə kömək etməyə hazırdır. Gitanas qaz dəstəyi təklif etdi", - o yazıb.
Zelenskinin sözlərinə görə, o, Nauseda ilə diplomatik mövqelər barədə də razılığa gəlib və yaxın gələcək üçün tədbirləri əlaqələndirib. Ukrayna prezidenti həmkarına cəbhədəki vəziyyətlə bağlı da məlumat verib.
Bundan əvvəl hərbi ekspert Oleh Qlazunov bəyan etmişdi ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri Ukrayna Silahlı Qüvvələrinin döyüş effektivliyini əhəmiyyətli dərəcədə azaldır. O, hesab edir ki, Ukrayna qoşunları tezliklə energetika infrastrukturuna zərbələrin təsirini hiss edəcək və bu, istər-istəməz döyüş əməliyyatlarına təsir göstərəcək: döyüş sursatı çatışmazlığı başlayacaq və düşmənin əməliyyatları ləngiyəcək.

















