Şəhərin Bulvar ərazisində təşkil edilən ağaç əkmə aksiyasında Sumqayıt Bələdiyyəsinin sədri, əməkdaşları və üzvləri fəallıq nümayiş etdiriblər.
1xeber.media xəbər verir ki, ekoloji dəyərlərin qorunması və yaşıllıqların artırılması məqsədi daşıyan tədbir zamanı ümumilikdə 1000 ədəd zeytun ağacı əkilib.
Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib, suvarma və torpağın yumşaldılması işləri aparılıb. Tədbir çərçivəsində atılan bu addım Zəfər bayramı münasibətilə qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilib. Aksiyanın məqsədi həm şəhidlərin müqəddəs xatirəsini anmaq, həm də gənc nəsildə təbiətə və torpağa bağlılıq hissini gücləndirmək olub. Sumqayıt şəhərində keçirilən bu tədbir Zəfər Gününün 5 illiyinə həsr olunmuş silsilə aksiyaların bir hissəsidir və şəhər üzrə digər ərazilərdə də oxşar ekoloji və xatirə tədbirlər həyata keçirilir.























