“Göyçay Nar Festivalı Göyçay stadionunda təşkil olunub. Giriş hissədə az sayda nar stendləri qoyulub. Amfiteatr və meydançanı ayıran çevrə dəhlizində isə əl işləri düzülüb. Nardan tutmuş maqnitlərə qədər hər şey ən azı 3 dəfə bahadır”.
1xeber.media xəbər verir ki, bunu "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bildirib.
Onun sözlərinə görə, stadion tərəfdə isə ümumiyyətlə nar piştaxtası olmayıb: "Yalnız bir yerdə nar şirəsi satılır. Qalan hissədə isə çoxlu aşağı zövqlü əl işi stendləri düzülüb.
Dar dəhliz amfiteatrın yanından Əli Kərim parkına çıxır. Burada — böyük meydançada — kabab manqalları düzülüb. Kabab qoxusu “gəl-gəl” desə də, tüstüdən ora yaxınlaşmaq olmur. Amma o hissədə isti bir atmosfer var.
Qəfildən “Yol verin, yol verin, alveri dayandırıb geri çəkilin!” — deyə əmr edilir. Kimdir, nə olub, kim gəlir? “İcra gəlir”. Bir dəstə qara kostyum-qalstuklu, ağ köynəkli ağır insanlar yorğun baxışlarla yanımızdan keçirlər.
Səhnədə icra hakimiyyətinin başçısının xanım müavini dünən paytaxtda keçirilən paradın möhtəşəmliyindən, qələbəmizdən danışır. Birazda narın dünyada əvəzsiz olmasından. Xatırladım ki, o həm də bu tədbirin — Göyçay Nar Festivalının təşkilat komitəsinin rəhbəridir.
Görəsən ölkədə tanınan 10 dan çox dövlət təşkilat və şirkətin sponsorluq etdiyi bu festivalı niyə belə zövqsüz, plansız, əttökən şəkildə təşkil edildiyinə kim cavab verməlidir? Hətta planlı şəkildə narı, Göyçayı, Festivalı gözdən salmaq üçün tədbir təşkil edilsəydi belə, bu qədər “uğurlu” nəticə əldə edilə bilməzdi".
Qeyd edək ki, noyabrın 9-da Göyçayda Nar Festivalı keçirilib.


















