Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin amerikalı həmkarı Donald Trampla Vaşinqtonda görüşündən sonra ölkəsinin İsrail ilə müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim razılaşmaları”na qoşulacağını elan etməsinin Türk Dövlət Təşkilatı üçün və ya Astananın Ankara ilə münasibətlərində problem yaradacağını zənn etmirəm. Türk Dövlət Təşkilatı üzv ölkələr arasında sıx işbirliyini və ortaq layihələrin reallaşmasını nəzərdə tutsa da, bu, hər bir üzvün müstəqil xarici siyasət yürütmə hüququnu əlindən almır. Türkiyənin İsraillə münasibətləri gərgindirsə, bu o demək deyil ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tamamının İsraillə münasibətləri gərgin olmalıdır.
1xeber.media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ankaranın müttəfiqlərindən hər hansı tələbi olduğunu düşünmür:
“Doğrudur, Türkiyədəki bəzi dairələr Azərbaycanın İsraillə tərəfdaşlıq münasibətlərini mənfi qiymətləndirirlər, ancaq rəsmi Ankara Bakının ünvanına heç zaman “Siz də İsraillə münasibətlərinizə yenidən baxın” tələbini səsləndirməyib. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə hərbi texnikası ilə yanaşı İsrailə məxsus raket komplekslərini də müşahidə edib. Qazaxıstan da İsrail hərbi texnikasına maraq göstərir.
Donald Tramp Qazaxıstanla yanaşı, Mərkəzi Asiyanın digər dövlətlərinin, o cümlədən Azərbaycanın da “İbrahim razılaşmaları”na qoşulmasını istəyir. Ancaq Tramp bu dövlətlərdən hələ razılıq almayıb. Əks halda Vaşinqtonda Trampla Mərkəzi Asiya liderlərinin 5+1 formatında görüşündən sonra Qazaxıstanla yanaşı Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan liderləri də “İbrahim razılaşmaları”na qoşulalacaqlarını elan edərdilər. Mümkündür ki, digər dövlətlər bu təklifi analiz edirlər. Azərbaycanın özü də “İbrahim razılaşmaları”na qoşulmağa tələsmir. Çünki Azərbaycanın onsuz da İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur. Qazaxıstanın da Azərbaycan kimi İsraillə sıx tərəfdaşlıq münasibətləri var. Bəs onda Astana nədən “İbrahim razılaşmaları”na qoşulmağa ehtiyac duyub? Görünür, Astana Ağ Ev sahibinin istəyini yerinə yetirməklə ABŞ-ın Qazaxıstana daha çox üstünlük verəcəyini düşünür. Bu, Astana üçün əhəmiyyətlidir. Astana Vaşinqtonla münasibətlərini daha üst səviyyəyə qaldırmaqla Moskva və Pekindən siyasi və iqtisadi asılılığını azaltmağı hədəfləyir”.

















