“Aparılan təhlilər və tədqiqatlar göstərir ki, şagird sayı az olan məktəblərdə tədris göstəricisi o qədər də yaxşı deyil. Hazırda bu göstəricilər buraxılış və qəbul nəticələrinə uyğun olaraq hesablanır. Statistikaya əsasən, Dövlət İmtahan Mərkəzinin qeyd olunan imtahanlarında ucqar kənd məktəblərinin nəticələri o qədər də qənaətbəxş olmur”.
Bu sözlər 1xeber.media-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
Onun fikrincə, amma bu göstəricilər həmin məktəblərin bağlanması üçün əsas olmamalıdır:
“Əksinə, alternativ yollar araşdırılmalıdır. Hər bir kənd məktəbi bir növ mədəniyyət mərkəzi rolunu oynayır. Həmin məktəblər insanların kəndə bağlılığını təmin edən əsas vasitələrdən biridir. Hazırda şagird sayı az olan məktəblər əsasən Quba, Qusar, Lerik kimi rayonlarda yerləşir. Bəzi kəndlərdə cəmi 5-6 ev qalıb. Əgər bu məktəblər bağlansa, həmin kəndlər tam boşalacaq”.
Kamran Əsədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəbli avtobuslarının təşkili ilə problemi həll etməyə çalışsa da, bu, ucqar ərazilərdə mümkün deyil:
“Çünki həmin bölgələrin nəqliyyat infrastrukturu zəifdir. Qusarın və ya Lerikin dağ kəndlərində qış aylarında nəqliyyatın hərəkəti mümkünsüz olur. Təhsil sahəsinə kifayət qədər vəsait ayrılsa da, dağlıq və dağətəyi ərazilərdə məktəblərin bağlanması düzgün addım deyil. Biz yalnız imtahan üçün deyil, vətəndaş yetişdirmək üçün çalışmalıyıq”.

















