Son vaxtlar sosial şəbəkələrdə, xüsusən də “TikTok”da yeniyetmələrin öz yaşlarından böyük görünməyə çalışdığı videolar sürətlə artır. Uşaqların açıq-saçıq geyimdə rəqs etdiyini, böyüklərə məxsus davranışları təqlid etdiyini görmək artıq demək olar ki, adi hal alıb. Bu isə həm onların psixoloji inkişafına, həm də yaşıdlarına təsirsiz ötüşmür.
Mövzu ilə bağlı yeniyetmə və ailə psixoloqu Fəridə Şərifova “Yeni Sabah”ın suallarını cavablandırıb:
- Uşağın öz yaşından böyük hərəkətlər etməsi psixoloji olaraq ona necə təsir edir?
- Uşaq özündən böyük görünməyə çalışanda əslində içində bir mübarizə başlayır. Çünki o hələ uşaqdır, emosiyaları, düşüncəsi, bədəni uşaqlığa aiddir. Amma sosial şəbəkədə gördüyü bir obrazı tutmağa çalışır. Psixologiyada buna erkən böyümə təzyiqi deyilir.
Bu vəziyyət uşağın içində belə bir hiss yaradır:
“Mən olduğum kimi yetərli deyiləm… Daha çoxu, daha yaxşısı olmalıyam, ancaq bu vaxt diqqət çəkə, sevgi görə bilərəm”.
- Bəs bu, uzun müddətdə onların psixikasında hansı fəsadlara səbəb ola bilər?
- Bu cümlə uşaq psixikasında ən ağır yüklərdən biridir. Uşaq özünü bəyənməməyə başlayır, daim davam gətirə bilmədiyi bir obrazı qorumağa çalışır.
Nəticədə, özünə inamı zədələnir, emosional yorğunluq yaranır, bədəni və davranışları ilə bağlı çaşqınlıq yaşayır. Sosial mediada bir anda “böyümüş kimi davranmaq” ona öz iç səsindən uzaqlaşdırır. Bu zaman uşağın ən vacib ehtiyacı—özünü olduğu kimi qəbul etmək—bastırılır.
Bu isə uzun müddətdə dərin iz buraxa bilir.
- Belə videoları görən digər məktəblilərə nə kimi ziyanı dəyə bilər?

















