Son vaxtlar Türkiyə və İran ərazisində güclü zəlzələlər qeydə alınır. Bu regionun seysmik aktivliyi nəzərə alındıqda, Azərbaycanda da yeraltı təkanların artması ehtimalı sual doğurur: bəs bizim ölkədə daha güclü, yaxud hiss edilən zəlzələ gözləmək olarmı?
Məsələ ilə bağlı 1xeber.media-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev bildirib ki, ölkəmiz qonşu ölkələrin seysmik ocaqlarından təsirlənir:
“Xüsusən Balıkesir vilayətində mütəmadi olaraq tez-tez zəlzələlər baş verir. Mən bunu əvvəlki müsahibələrimdə də qeyd etmişdim. Çünki Türkiyə ərazisi 2023-cü ilin fevral ayında baş verən böyük zəlzələdən sonra çox böyük bir titrəyişə və tektonik gərginliyə məruz qaldı. Ümumiyyətlə, Türkiyə aktiv və intensiv seysmik-tektonik zonada yerləşir. Bu bölgə üç plitənin toqquşma nöqtəsidir və burada aktiv qırılma xətləri mövcuddur. 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən sonra Türkiyə ərazisində böyük miqyaslı yer dəyişmələri qeydə alındı. Bunun nəticəsi olaraq regionda mütəmadi şəkildə zəlzələlər baş verir.
Təbii ki, Azərbaycan da bu qonşu seysmik ocaqlardan tam kənarda qala bilməz. Lakin Azərbaycanın geodinamik və geoloji prosesləri Türkiyə və İranla müqayisədə o qədər də intensiv deyil. Yer dəyişmə prosesləri aktiv olsa da, intensivlik nisbətən aşağıdır. Bu səbəbdən Azərbaycanda güclü, dağıdıcı zəlzələlərin baş vermə ehtimalı daha azdır. Amma hiss olunan zəif və orta güclü zəlzələlər mütəmadi olaraq qeydə alınır”.
Onun sözlərinə görə, burada bir diqqətçəkən məqam var:
“Elə hallar olur ki, zəlzələ səthə yaxın baş verir, magnitudu 3.5 kimi nisbətən az olur, lakin buna baxmayaraq, insanlar tərəfindən hiss edilir. Azərbaycan ərazisi seysmik və tektonik aktiv zona kimi səciyyələnir. Qonşu seysmik ocaqlar — xüsusən İran və Türkiyə — aktivdirsə, Azərbaycan tam sabit qala bilməz. Bununla belə, bir daha vurğulayıram: yer dəyişmə və geodinamik proseslər bizdə aktivdir, amma o qədər də intensiv deyil. Hiss olunan zəlzələlər olacaq, lakin dağıdıcı güclü zəlzələlərin ehtimalı nisbətən aşağıdır”.
“Ümumilikdə qeyd edim ki, Azərbaycanda seysmik fon daim aktivdir. Qonşu ocaqlarda proseslər güclü olduqda, bu, müəyyən qədər ölkəmizə də təsir edə bilər. Azərbaycanın öz seysmik ocaqları da mövcuddur və onlar da özünəməxsus fəaliyyət göstərirlər”, - deyə seysmoloq bildirib.

















