Ötən ilin martında “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən İctimai Səhiyyə İslahatları Mərkəzinin binasının fasadından "Bir kərə yüksələn bayraq bir daha enməz" sözləri və bayraq götürülmüşdü. Buna səbəb kimi də, təmir-bərpa işlərinin aparıldığı göstərilmişdi. Ancaq 1 ildir ki, yazı və bayraq bərpa edilməyib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, binada aparılan təmir-bərpa işləri çərçivəsində fasadda yerləşən “Bir kərə yüksələn bayraq, bir daha enməz” yazısının müvəqqəti olaraq demontaj edilməsi zəruri olub:
“Bu, yalnız texniki xarakterli addım idi və təmir işlərinin təhlükəsiz və düzgün şəkildə aparılması məqsədi daşıyırdı.
Hazırda fasadın yeni dizaynı ilə bağlı müsabiqə elan edilib. Müxtəlif memar və dizaynerlər tərəfindən dörd fərqli layihə təqdim olunub. Bu layihələr aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən qiymətləndirilir və seçim prosesi davam edir.
Müsabiqənin qalibi müəyyən edildikdən sonra fasadın yekun dizaynı təsdiqlənəcək və həmin dizayn çərçivəsində sorğuda qeyd olunan sitatın yenidən binanın üzərində bərpası nəzərdə tutulur”.















